TƏHSİL

İmtahandan "iki" qiymət alan müəllimlərin aqibəti necə olacaq?

Ekspert hesab edir ki, saxta yollarla diplom əldə edib rüşvət verərək müəllim kimi işə düzələn şəxslərin təhsil prosesindən uzaqlaşdırılması vacibdir.
Sputnik
BAKI, 1 yanvar — Sputnik. Bir müddət öncə 100-ə yaxın müəllim sertifikatlaşdırmanın müsahibə mərhələsindən kəsilib. Bu barədə Təhsil İnstitutunun İnsan Resurları Mərkəzindən xəbər verilib. Qeyd olunub ki, 8 sentyabr tarixində keçirilən təkrar sertifikatlaşdırma müsahibələrində 1376 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
14 oktyabr tarixinədək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21784 nəfəri uğur qazanıb. Müsahibələrdə 99% davamiyyət qeydə alınıb. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17914 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq. Bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyən və ya uğur qazanmayan müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sertifikasiyanın müsahibə mərhələsindən kəsilmiş müəllimləri əvəz edəcək kifayət qədər müəllim var. Hazırda ölkə üzrə 4432 ümumtəhsil müəssisəsində 150 min müəllim çalışır. Müəllimlər ilk dəfə 2014-2018-ci illərdə diaqnostik qiymətləndirməyə cəlb olunublar. Müəllimlərin bilik və bacarıqları ilə bağlı ən mühüm informasiya da məhz həmin illərdə yaranıb. MİQ imtahanları nəticəsində isə müəllimlərin kurikulum və ixtisas biliklərinin nə qədər olduğu üzə çıxıb.
"Burada müvafiq olaraq müsabiqə şərtləri müəyyənləşdirilir. Bu müsabiqə şərtləri birmənalı olaraq dəyişmir. Müəllimlərin sertifikasiyasına 2022-ci ildən başlanılıb. İlk sertifikasiya imtahanlarında ibtidai sinif müəllimləri iştirak etdi. Onlardan 743 müəllim sertifikasiya imtahanından kəsildiyindən onlarla bağlanılmış müqaviləyə xitam verildi. Həmin şəxslər müəllim vəzifəsindən uzaqlaşdırıldı. Bu heç də müəllim çatışmazlığı yaratmadı. Çünki, bizin kifayət qədər müəllim ehtiyatımız var. Çünki, hər il Müəllimlərin İşə Qəbul müsabiqəsində kifayət qədər müəllim uğur qazanır. Onlar sertifikasiya nəticəsində işini itirmiş müəllimləri əvəz edirlər. Bizdə kifayət qədər ibtidai sinif müəllimi var. Müsabiqə şərtlərində ədalətsiz yanaşma mümkün deyil" - ekspert deyib.
Saxta diplomlu savadsızlar təhsildən uzaqlaşdırılmalıdır
Digər təhsil eksperti İlqar Orucov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sertifikasiya zamanı imtahanda aşağı nəticə göstərən müəllimlərin təhsildən kənarlaşdırılması vacib addımdır. O, savadsız müəllimlərin təhsildən kənarlaşdırılmasının tədrisin keyfiyyətinə müsbət təsir edəcəyi qənaətindədir. Bildirir ki, savadsız müəllimin həmin vəzifəni zəbt etməsindənsə, o yerin boş qalması daha faydalıdır. Həmsöhbətimiz deyir ki, hazırda kifayət qədər yüksək bal toplayan müəllimlər var. Onlar MİQ imtahanı vasitəsilə nəticələrinə əsasən işə qəbul edilirlər.
"Vaxtilə köçürmələr olub, saxta yollarla diplomlar əldə edilib. Bu şəxslər rüşvət verərək müəllim kimi işə düzəliblər. Sertifikasiya onların ələkdən keçməsi üçün bir vasitədir" - İ.Orucov bildirib.
30 bal toplayıb müəllim olmaq mümkündür
Məlumat üçün bildirək ki, sertifikatlaşdırmanın test mərhələsində azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhləsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir müəllimə 20 dəqiqə vaxt ayrılır. Bu mərhələ maksimum 40 balla qiymətləndirilir. Müəllimin proqram üzrə mövzunu təqdimetmə, qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə, ünsiyyət bacarığı meyarlar üzrə ölçülür. Hər bir meyar 4 ballıq şkala əsasında qiymətləndirilir. Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:
-proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 misli;
-təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoi prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların 2 misli ;
-ünsiyyət bacarığı üzrə toplanılan balların 1 misli;
Müsahibənin nəticələri keçirildiyi tarixdən 5 iş günü müddətində elan edilir.
Xatırladaq ki, müəllimlərin sertifikatlaşdırma imtahanları artıq başa çatıb. Dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilib. Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub. Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilib. Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Test imtahanında 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ əldə edirlər.
Onu da qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı və müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək. Əlavələr sentyabr ayından tətbiq olunur.
Məlumat üçün onu da əlavə edək ki, 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.
Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamasına görə, ölkədə 40 mindən çox müəllim sertifikasiyadan keçib: "2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçiriləcək. Ölkəmizdə sertifikasiya imtahanı keçirilməsi bir yenilikdir. Bu tədbirlər müəllim nüfuzunun, rifahının artırılmasına yönəlib".