SƏHİYYƏ

Azərbaycanda donor böyrək gözləyənlərin sayı açıqlandı

Mərkəzdən bildirilib ki, yeni Mərkəz yaranandan 223 şəxsin böyrək köçürmə əməliyyatına icazə verilib.
Sputnik
BAKI, 1 yanvar — Sputnik. Azərbaycanda 440 nəfər insan böyrəkköçürmə üçün növbədədir. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən verilən məlumatda bildirilib. Mərkəzdən bildirilib ki, yeni Mərkəz yaranandan 223 şəxsin böyrək köçürmə əməliyyatına icazə verilib.
Kimlər donor ola bilər?
"Böyrək köçürmə əməliyyatı kəskin böyrək çatışmazlığı olan (dializdə olan) şəxslərə köçürülür. Böyrək köçürmə üçün toxuma tipləmə analizi uyğun gələn hər bir şəxs- yaşı 18-dən yuxarı olmaqla donor ola bilər" deyə bildirilib.
Mərkəzdən onu da bildirdilər ki, Azərbaycanda bugünə kimi meyitdən donor orqanı götürülməyib.
Donor alverləri elanları artır
Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin iclasında deputat Razi Nurullayev öz çıxışında bildirib ki, son zamanlar vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə reklam və elanlar yayılır.
" Bəzi elanlarda isə "Böyrək və qaraciyər alıram" yazılır. Hətta avtobus dayancaqlarında da bu elanlar var. Bu məsələdə bir neçə yanaşma ola bilər. Vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, ikinci isə möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edir. Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır. Son zamanlar cinayət hadisələri içərisində cinayətkarların bu məqsədlə adam oğurluğuna rast gəlməmişəm və bu, sevindiricidir. Amma bu elanlara laqeyd yanaşmaq olmaz" deyə deputat bildirib.
Razi Nurullayev əlaqədar orqanlara da müraciət edib:
"O vətəndaşları dəvət edin, araşdırın ki, onlar niyə daxili orqanlarını satmaq istəyir? Ehtiyacdırsa, yaranan ehtiyacı ödəmək üçün dövlət tərəfindən mümkün addımların atılması vacibdən də vacibdir. Bir də bu tip elanlara, alqı-satqıya nəzarət olunurmu? Azərbaycan vətəndaşlarının çətinə düşən zaman dövlətindən yardım alması onların hüquqlarıdır. Onun üçün də ehtiyac ucbatından daxili orqanlarını satmaq istəyən vətəndaşlara dövlət səviyyəsində yardım göstərilməsi üçün addımlar atılmasını xahiş edirəm. Bu məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və Milli Məclisə, o cümlədən bu məsələni qaldıran şəxs olaraq mənə də yazılı məlumat verilməsini rica edirəm".
Orqan alver predmeti ola bilərmi?
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyası şəxslərin öz daxili orqanlarını satmağa yol verilmir. Ölkəmizdə orqan satışı qadağandır. "İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanunda qeyd olunur ki, insanların orqan və toxumalarının transplantasiyası yanlız insan həyatını xilas etmək və sağlamlığın bərpası üçün donor və ya insan meyiti tərəfindən əvəz olunmazdır. Donor-öz orqanalarını, toxumalarını xəstə şəxslərə köçürmək üçün verən könullu şəxsdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, orqan satışı birmənalı şəkildə yol verilməzdir.
8-12 illik cəza gözləyir
Azərbaycan Respublikasının cinayət məcəlləsinin 137-ci maddəsinə, əsasən, insan orqanlarının qanunsuz alğı-satqısı zamanı, bunu icra edən şəxs müəyyən vəzifə tutmaqla və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 ilə qədər müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Cinayət məcəlləsinin 144-1.2 maddəsinə görə zərər çəkmiş şəxsin orqanlarından istifadə etməklə cinayət əməlinin törədilməsi 8 ildən-12-i ilə qədər azadlıqdan məhrum etmək ilə cəzalandırılır.
Vətəndaşların könüllü şəkildə şəxsin öz orqanlarını kiməsə bağışlaması, ələlxüsus, yaxın qohumlarına və.s bağışlaması isə yol veriləndir.