CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərazi bütövlüyünün parçalanmasına yönələn simvollara görə cinayət məsuliyyəti müəyyənləşir

Həmçinin Silahlı Qüvvələrinin şəxsi heyətinin, silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların müharibə vaxtı və ya döyüş şəraitində yayılmasına görə cinayət məsuliyyəti müəyyən edilir.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Milli Məclisin iclasında Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunlara dəyişikliklərə baxılıb.
Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Kamal Cəfərov bildirib ki, layihədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə kimi qanunazidd əməllərə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmçinin Silahlı Qüvvələrinin şəxsi heyətinin, silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların müharibə vaxtı və ya döyüş şəraitində yayılmasına görə (dövlətə xəyanət, casusluq və ya dövlət sirrini yayma növündə cinayətlərin əlamətləri olmadan) cinayət məsuliyyəti müəyyən edilir.
Deputat bildirib ki, müvafiq məlumatlar qadağan edilmiş informasiyalar hesab edilir. Bu cür məlumatlar hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılarsa, inzibati həbs nəzərdə tutulub. Burada mühüm istisna ondan ibarətdir ki, bu cür məlumatlar hərbçiyə etibar edilmişsə, yaxud onun xidməti vəzifəsinə görə dövlət sirridirsə, eyni zamanda bu cür məlumatlar müharibə və ya döyüş şəraitində istənilən şəxs tərəfindən yayılarsa, cinayət məsuliyyətinə səbəb olur.
Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif edilən 281-1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirmə 5 ilədək müddətdən azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.
Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 5 ildən 8 ilədək müddətdə azadlıqdan məhrumetmə, həmin əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə 7 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni zamanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir.
Bu, Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -284-2 maddəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü (Dövlətə xəyanət), 276-cı (Casusluq) və ya 284-cü (Dövlət sirrini yayma) maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər ağır nəticələrə səbəb olduqda 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.