ELM

Elektriklə işləyən qeyri-adi avtomobil təqdim edildi - Video

Kompaniyanın rəhbəri Lei Junun sözlərinə görə, onların məqsədi 15-20 il ərzində dünyanın ən yaxşı beş avtomobil istehsalçısından biri olmaqdır.
Sputnik
BAKI, 30 dekabr - Sputnik. 2021-ci ildən öz avtomobili üzərində çalışan Çinin smartfon istehsalçısı “Xiaomi” Pekində ilk elektrokar modelini təqdim edib.
“Xiaomi” kompaniyası SU7 modelini 2025-ci ildə satışa çıxarmağı planlaşdırır.
Kompaniyanın rəhbəri Lei Junun sözlərinə görə, onların məqsədi 15-20 il ərzində dünyanın ən yaxşı beş avtomobil istehsalçısından biri olmaqdır. “Xiaomi” bu məqsədlə “Porsche” və “Tesla” ilə müqayisə ediləcək avtomobil hazırlamaq niyyətindədir.
“Xiaomi” Çinin ən böyük smartfon istehsalçılarından biridir. Şirkət həmçinin planşetlər, ağıllı saatlar, qulaqlıqlar və elektrik skuterlərinin istehsalı ilə məşğul olur. Kompaniyanın bütün qurğuları xüsusi proqram təminatı vasitəsilə avtomobillərə qoşula biləcək.
BAIC şirkəti tərəfindən yığacaq “Xiaomi” avtomobilləri BYD və CATL tərəfindən istehsal edilən akkumulyatorlarla təchiz olunacaq və tam enerji toplamaqla birdəfəyə 800 kilometr məsafə qət edəcək.
2010-cu ildə yaradılan kompaniya texniki cəhətdən yüksək keyfiyyətli cihazları nisbətən sərfəli qiymətlərlə satmaq strategiyası ilə hərəkət edir. ABŞ 2021-ci ildə Çin ordusu ilə şübhəli əlaqələrə görə “Xiaomi”ni qara siyahıya salıb.
Qeyd edək ki, Çin elektromobil satışları üzrə dünyanın ən böyük bazarıdır. Noyabr ayında BYD kompaniyası 300 mindən çox elektromobil satışı ilə ölkədə birinci, “Tesla” isə 80 min avtomobillə ikinci yeri tutub.