BAKI, 29 dekabr — Sputnik. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəsimi Dadaşov ifadə verib.
Nəsimi Dadaşov "Dadaş NM" MMC-nin təsisçisi və direktoru olduğunu, şirkətin Naxçıvanda fəaliyyət göstərdiyini bildirib.
Şahid Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsi ilə cəmi bir müqavilələrinin olduğu və həmin müqavilənin mərhum qardaşı tərəfindən imzalandığınə deyib:
"Bizim şirkət əsasən tekstillə məşğul olur. Xalça zavodumuz var. Nazirliklə boya ilə bağlı müqaviləmiz olub, tam dəqiqliyini dəyə bilmərəm. Vəkalətnamə əsasında müqaviləni də, şərtləri də qardaşım həll edib. Mən sadəcə, işin vaxtlı vaxtında icra olunduğu bilirdim".
Prosesin davamında şahid qismində Müdafiə Nazirliyinin Kənd təsərrüfatı idarəsinin sabiq rəisi Zahir Tağıyev dindirilib.
Şahid uzun illər nazirlikdə çalışdığını və təqaüdə çıxdıqdan sonra şirkətlər vasitəsilə tenderlərə qoşularaq Müdafiə Nazirliyi ilə əməkdaşlıq etdiyi deyib:
"Mən Satılalmalar və təchizat idarəsi ilə müqavilələr əsasında işləmişəm. Müqavilələr qarşılığında ödənən pulların 3 faizini geri qaytarmışam. İstər Məlikməmməd Qurbanovun, istərsə də həmin idarənin digər rəislərinə bu pulu qaytarmışam. Pulları sürücülər vasitəsilə idarə rəisinə göndərmişəm. 2015-2019-cu illər ərzində 400 min manat idarə rəisinə göndərmişəm".
Təqsirləndirilən Məlikməmməd Qurbanov şahidin düzgün ifadə vermədiyini və heç zaman ona pul göndərmədiyini deyib: "Bu insanı çoxdan tanıyıram, aramızda dostluq münasibətləri də olub. İdarə rəisi olduğum müddətdə bilirdim ki, o tenderin zabitləri ilə işləyir. Mənə pul gəlib çatmayıb. Hətta mən həbs olunmadan bir müddət əvvəl çay içdik. Dedi ki, sənə pullar göndərmişəm. Bildirdim ki, o pullar mənə çatmayıb. Orada da pulları kimə göndərdiyini mənə də demədi. O bir nəfərlə çalışıb, o adam da hazırda xidmətdədir. Adını açıqlamaq istəmir".
Məhkəmədə məlum olub ki, şahid qismində dindirilən şəxsin 25-dən artıq şirkəti var və müxtəlif adda şirkətləri vasitəsilə Müdafiə Nazirliyinin tenderlərinin qalibi olub.
Məhkəmə prosesi yanvarın 12-də davam etdiriləcək (APA).
Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.
2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.