SƏHİYYƏ

Azərbaycanda tibb müəssisələrinə vergi güzəşti tətbiq ediləcək

Tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəştini nəzərdə tutan bu dəyişiklik həmin sektorda şəffaflaşmanın artırılmasına, eləcə də nağdsız ödənişlərin stimullaşdırılmasına müsbət təsir edəcək.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində gələn ildən Azərbaycanda tibb müəssisələrinə vergi güzəşti tətbiq ediləcək
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri tibb müəssisələri üzrə vergi güzəştinin tətbiqi ilə bağlıdır. Səhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə ƏDV üzrə güzəştlər verilib. Qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən, səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur. Eyni zamanda, dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir və mənfəət vergisindən azad olunub.
Tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəştini nəzərdə tutan bu dəyişiklik həmin sektorda şəffaflaşmanın artırılmasına, eləcə də nağdsız ödənişlərin stimullaşdırılmasına müsbət təsir edəcək.