BAKI, 28 dekabr — Sputnik. Türkiyə silahlı qüvvələri son bir həftə ərzində qonşu İraq və Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyasının (Türkiyədə qadağan edilmiş və terrorçu kimi tanınan PKK) 81 silahlısını məhv edib. Ötən il ərzində ümumilikdə 2201 terrorçu məhv edilib.
Türkiyənin Müdafiə Nazirliyi bu barədə məlumat verib.
"İlin əvvəlindən məhv edilən terrorçuların sayı 2201-ə çatıb ki, onlardan 81-i son bir həftə ərzində məhv edilib", - deyə məlumatda bildirilir.
Daha əvvəl yayılan məlumata görə, dekabrın 22 və 23-də İraqın şimalında türk əsgərlərinə edilən hücumlarda 12 əsgər şəhid olduqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin İraq və Suriyada genişmiqyaslı əməliyyatları həyata keçirilib.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, PKK-nın 71 obyekti, o cümlədən silahlıların bazaları, sığınacaqları, silah və sursat anbarları, neft anbarları ləğv edilib. Obyektlərdə, ehtimal ki, Türkiyənin PKK-nın Suriya qolu hesab etdiyi Xalq Müdafiə Qüvvələrinin rəhbərliyinin nümayəndələri olub.
Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə əsas təhdid adlandırır. Respublika ordusu vaxtaşırı İraq və Suriyanın şimalında kürd silahlılarına qarşı əməliyyatlar keçirir və bölgədə böyük bir qoşun dəstəsi saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.