BAKI, 28 dekabr — Sputnik. Vaşinqton heç vaxt Ukraynaya Rusiyanı məğlub etməkdə kömək etməyə çalışmayıb və tezliklə Kiyevi danışıqlar aparmağa məcbur edəcək.
Bu barədə Rusiya mediası ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kapitanı Harri Tabaxın "YouTube" kanalında söylədiklərinə istinadən xəbər verib.
"Bayden administrasiyası məqsədlərinin Ukraynanın qələbəsi olduğunu heç vaxt deməyib. Onlar məqsədlərinin Ukraynanın müstəqil olması olduğunu söyləyiblər, ancaq heç vaxt "qələbə" sözünü deməyiblər" - hərbçi bildirib.
Tabax əlavə edib ki, Kiyev rejimi diplomatik sahədə tamamilə uğursuz olub, Ukrayna hakimiyyətinin açıqlamaları isə İsrail, Polşa, Macarıstan və Almaniya kimi bir sıra müttəfiqlərin narazılığına səbəb olub.
Hərbçi hesab edir ki, ABŞ-da prezident seçkilərinə yaxın Vaşinqton Kiyevi Moskva ilə danışıqlara aparmağa məcbur edəcək, buna görə də ukraynalılar məğlubiyyətə hazırlaşmalı, Əfqanıstan və Cənubi Vyetnam təcrübələrini təhlil etməlidirlər.
"Sizdən soruşmayacaqlar. Siz məğlub olacaqsınız, vəssalam" - deyə Tabax ukraynalılara müraciət edib.
Bu yaxınlarda ABŞ ordusunun sabiq dəniz piyadası Brayan Berletik qeyd edib ki, Qərb Ukraynaya dəstəyi nəzərəçarpacaq dərəcədə azaldıb və öz ehtiyatlarının tükənməsi səbəbindən ona sırf simvolik sayda silah verir.