BAKI, 28 dekabr — Sputnik. Dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının rəhbəri İoğan Mörfi ilə görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata görə, müşahidə missiyasının rəhbərini və üzvlərini salamlayan MSK sədri görüşdən məmnunluğunu bildirib.
MSK-dakı səmimi qəbula və sıx iş qrafikinə rəğmən görüş üçün vaxt ayırdığına görə sədr Məzahir Pənahova minnətdarlığını ifadə edən İoğan Mörfi seçki müşahidə missiyasının strukturu və tərkibi barədə məlumat verib. Missiya üzvləri qarşıdan gələn seçkilərə hazırlıqların gedişi ilə maraqlanıb, MSK sədrindən həyata keçirilən və planlaşdırılan layihələr barədə onları məlumatlandırmasını xahiş ediblər.
Sədr M.Pənahov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrə mühüm əhəmiyyət verdiyini, əməkdaşlığa hər zaman açıq olduğunu və bütün proseslərin geniş aşkarlıq şəraitində reallaşdırıldığını vurğulayıb. O, Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və sözügedən seçkilərlə əlaqədar həyata keçirilmiş, eləcə də nəzərdə tutulan müxtəlif səpkili layihələrdən danışıb.
Seçki hazırlıqlarının ardıcıl və sistemli şəkildə davam etdiyini deyən sədr bildirib ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində indiyədək 5-i siyasi partiyalar, 10-u özü tərəfindən irəli sürülən, ümumilikdə 15 nəfərin namizədliyinin irəli sürülməsi MSK-nın müvafiq qərarları ilə təsdiq olunub.
O cümlədən diqqətə çatdırıb ki, Seçki Məcəlləsinin tələblərinə əsasən hazırda təqdim olunan imza vərəqələri və digər seçki sənədləri peşəkar işçi qrupu tərəfindən yoxlanılır. MSK sədri seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt həm imza vərəqələrinin yoxlanılması, həm də seçkilərlə bağlı hər hansı digər prosedurlarda yaxından iştiraka dəvət edib. Bildirib ki, bütün mərhələlər kimi, tam şəffaf həyata keçirilən və ictimaiyyətə açıq olan bu proseslərin müşahidə edilməsi üçün də geniş imkanlar yaradılıb. Digər maraqlı şəxslər kimi, onlar da hər zaman işlərin gedişatını birbaşa müşahidə edə bilərlər.
Görüşdə çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.
Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.