BAKI, 28 dekabr — Sputnik. Azərbaycan-Fransa münasibətlərində gərginlik artan templə davam edir. Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirliyin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin agentura şəbəkəsinin aşkarlanması barədə xəbərlər yayılmışdı. Yayılan xəbərlər rəsmi olaraq təsdiqini tapmasa da, bunun ardınca baş verənlər gərginliyin pik həddə yaxınlaşdığını deməyə əsas verir.
Sputnik Azərbaycan Azərbaycan-Fransa münasibətlərində baş verənlərlə bağlı Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın və millət vəkilli Fazil Mustafanın fikirlərini öyrənib.
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, faktiki olaraq 44 günlük müharibədən sonra Fransanın Azərbaycana münasibəti düşmənçilik səviyyəsindədir:
"Fransa parlamentinin hər iki palatası mövcudiyyətinə son qoyulmuş "Dağlıq Qarabağ"ın müstəqilliyini tanımışdı. Fransa Ermənistana həm siyasi, həm hərbi, son zamanlar isə iqtisadi vasitələrlə yardım edir. Bu öz işləridir. Ancaq bununla yanaşı, beynəlxalq arenalarda, BMT Təhlükəsizlik Şurasında, mətbuatda Azərbaycanı hədəf alan fəaliyyətlər göstərirlər".
Emmanuel Makron və Nikol Paşinyan, arxiv şəkli
© AFP 2024 / JULIEN DE ROSA
Ekspert deyir ki, xüsusilə, Fransa prezidenti Emmanuel Makron Azərbaycana sanksiya tətbiq olunması məsələsini BMT Təhlükəsizlik Şurasının gündəminə çıxartmaq istəyirdi, ancaq buna müvəffəq olmadı:
"Fransa prezidentinin bu davranışı "papadan daha artıq xristian olmaq" məsələnə uyğun gəlir. Makron ermənidən artıq ermənilik nümayiş etdirir. Hər kəsə aydındır ki, Fransanın məqsədi Ermənistan vasitəsilə Cənubi Qafqaza girmək və Rusiyanı əvəz etməkdir. Bu alınmır, ancaq Azərbaycana qarşı kəskin mövqeləri də dəyişməz qalır".
İlham İsmayıl konkret olaraq iki diplomatın "persona-non-grata" elan olunmasını Fransanın casus rezidentura şəbəkəsinin ifşa olunması ilə əlaqələndirir:
"Həmin şəxslərin fəaliyyətini həbslə yox, diplomatik yolla məhdudlaşdırmaq üçün bu addım atıldı. Görünür, bu şəxslər həmin şəbəkənin idarəetməsində təmsil olunurlar. Biz bilirik ki, Fransa kəşfiyyatı əsasən diplomatik strukturlarda fəaliyyət göstərirlər. Onlar üçün ən maneəsiz fəaliyyət məkanı Ermənistandır, amma Azərbaycanda da müəyyən işlər görürlər. Yəni, Fransa Azərbaycan münasibətlərinin gərginliyi fonunda baş vermiş bu hadisə sonuncu olmayacaq. Çox güman ki, Fransa başqa addımlar da atacaq. Azərbaycanın indiyə qədər atdığı cavab addımları xəbərdaredici idi, ictimailəşdirilmirdi. Görünür, indi Fransa-Azərbaycan münasibətlərində kritik böhranın çox yaxın sərhədindəyik".
Millət vəkili Fazil Mustafa isə bildirib ki, Fransanın Azərbaycana qarşı atdığı addımların əksəriyyəti cinayət xarakteri daşıyır:
"Fransa bütün platformalarda Azərbaycanın suverenliyinə qarşı total hücuma keçib. Artıq bu hücumlarda casusluq fəaliyyətlərinin elementləri üzə çıxmaqdadır. Azərbaycan suveren bir dövlət kimi öz iradəsini ortaya qoyur və ölkəmizə qarşı atılan addımlar cavabsız qalmır. Fransanın isə Azərbaycana düşmənçilik siyasəti davam edir".
Millət vəkili bildirib ki, Azərbaycan xüsusi xidmət orqanları Fransa casus şəbəkəsinin fəaliyyətini ifşa ediblər:
"İki ölkə münasibətlərində gərginlik artıq uzun müddətdir ki, müşahidə olunur. Fransa Ermənistan vasitəsilə Azərbaycanın ərazisini işğal etmək istəyir. Fransa işğalı və terrorizmi dəstəkləyən bir dövlətdir"