BAKI, 28 dekabr — Sputnik. Bakıda Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) ünvanında təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında yeni il süfrəsi üçün bazarlıq edən paytaxt sakinləri qiymətlərdə bazarla müqayisədə kəskin fərqin olmadığını söyləyiblər.
Bakı sakini Minayə Rəsulova Sputnik Azərbaycan-a bildirib ki, yarmarkada bəzi məhsullar bazarla müqayisədə ucuzdur: "Ətin qiyməti aşağıdır. Amma elə meyvələr var marketdə daha ucuzdur. Amma yarmarkada kənddən gətirilən məhsullar satıldığından, bura gəlmişik. Bayram süfrəsi üçün bazarlığı da buradan edəcəyik".
Sputnik Azərbaycan yeni il ərəfəsi Bakıda təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında qiymətləri araşdırıb.
"Kənddən Şəhərə" yarmarkasının nümayəndəsi Sputnik Azərbaycan-a bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə" Yeni il yarmarkaları təşkil edib. Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 42 regiondan 80-dən çox fermer iştirak edir. Onlar 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.
Bakıda bayram yarmarkası
© Sputnik / Zulfiyya Guluyeva
"Kənddən Şəhərə" Yeni il yarmarkalarının təşkilində əsas məqsəd bayramla əlaqədar şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını dolğun şəkildə qarşılamaq, fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilərlər. "Kənddən Şəhərə" Yeni il yarmarkalarında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər piştaxta, tərəzi, soyuducu, digər ləvazimat və avadanlıqlarla təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edilər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilir".
Bakıda bayram yarmarkası
© Sputnik / Zulfiyya Guluyeva
Yarmarkada yaradılmış şəraitdən fermerlər də razılıq edir. İsmayıllı rayonundan yarmarkaya məhsul gətirən Aqil Nəzərov bildirib ki, piştaxtaya pul ödəmədiyindən məhsullarını aşağı qiymətə satır:
"Bizim məhsullar yerlidir. Yarmarkaya öz bağımdan meyvə, paxla məhsulları, düyü, qoz-fındıq gətirmişəm. Yerpulu ödəmədiyimdən məhsulları bazardan, marketdən dəfələrlə aşağı qiymətə satıram. Sağ olsunlar ki, fermerlərə bu şəraiti yaradıblar. Bu günə qədər 800 kiloqramdan çox məhsul satmışam. Qiymətləri mümkün qədər aşağı edirik ki, xalqımız bayram süfrəsi aça bilsin".
Alıcılar isə bildirdilər ki, bəzi məhsulların qiyməti yarmarkada aşağı olsa da, elə meyvələr var, marketdə buradan da aşağı, endirimli qiymətə satılır.
Bakıda bayram yarmarkası
© Sputnik / Zulfiyya Guluyeva
Yarmarkada bayram süfrəsinin bəzəyi olan plovun əsas inqridiyenti olan Astara düyüsü 3 manata, Həşimi düyüsü isə 5 manata təklif olunur. Şabalıd 9-10-12 manata, ərik qurusu (qaysı) 7-14 manata, kişmiş 6-14 manata, gavalı qurusu 6-10 manata, alça qurusu 4-7 manatadır. Yarmarkada mal əti 13, qoyun əti isə 14 manatdır. Yeni il süfrəsinin əsas atributu olan hind toyuğunun qiyməti isə kəllə-çarxa qalxıb. Belə ki, hind toyuğunun bir kiloqramı yarmarkada 18- 22 manatadır. Xoruz əti 15 manat, kənd çolpası 8-10 manat, qaz əti 15 manata satılır. Balıqların qiyməti 6 manatdan 13 manata qədər dəyişir. Ördək əti 14-15 manatdır. Bayram plovunun dadlı olması üçün istifadə edilən nehrə yağı isə 14-16 manata, ərinmiş halda 18 manata təklif olunur. Bayram süfrəsi üçün çərəzlərin də qiyməti elə də ucuz deyil. Badam ləpəsi 17 manat, Qoz ləpəsi 12-18 manat, araxis 8 manat, fındıq ləpəsi 12-15 manatdır.
Bakıda bayram yarmarkası
© Sputnik / Zulfiyya Guluyeva
Müşahidələrimiz göstərdi ki, yarmarkada əsas təlabat ət məhsullarınadır. Sabirabaddan yarmarkaya ət gətirən Etiqad Quliyev yarmarkada indiyədək 200 kiloqram ət satdığını bildirdi. Dediyinə görə, yarmarkada satılan ət keyfiyyətli və təzədir. O, bayram günlərində ətə təlabat artsa da, yarmarkada ətin qiymətinin bahalaşmayacağını söyləyib.
Qeyd edək ki, dekabr ayının 20-dən paytaxtda fəaliyyətə başlayan yarmarkalar 30 dekabr tarixinədək davam edəcək. "Kənddən Şəhərə" Yeni il yarmarkaları aşağıdakı ünvanlarda keçirilir:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı).