RUSİYA

Rusiya XİN Yaponiyaya xəbərdarlıq etdi: Bu, ağır nəticələrə səbəb olacaq

Yaponiya raketləri Ukrayna Silahlı Qüvvələrinin əlinə keçərsə, bu cür hərəkətlər Rusiya Federasiyasına qarşı açıq-aşkar düşmənçilik kimi qiymətləndiriləcək.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Yaponiyanın "Patriot" hava hücumundan müdafiə raketlərini ABŞ-a təhvil verməsinin təsdiqlənməsi qlobal və regional təhlükəsizlik üçün mənfi nəticələrə səbəb olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl Ağ Ev Yaponiya hakimiyyətinin "Patriot" hava hücumundan müdafiə sistemi üçün ABŞ-a raket ötürmək qərarını təsdiqləyib və bunun Yaponiyanın təhlükəsizliyinin yaxşılaşdırılmasına, həmçinin Hind-Sakit okean regionunda sülh və sabitliyin möhkəmlənməsinə kömək edəcəyini bildirib.
"Kişida administrasiyası ölkənin müharibədən sonrakı Konstitusiyasının pasifist müddəalarının ardıcıl olaraq ləğv edilməsi istiqamətində kursunu bir daha təsdiqləyib. Yaponiyanın sürətləndirilmiş yenidən hərbiləşdirilməsi qlobal və regional təhlükəsizlik üçün nəzərəçarpacaq mənfi nəticələrə səbəb olacaq" - Zaxarova deyib.
O, əlavə edib ki, raketlərin ötürülməsi qərarı ilk növbədə ABŞ-ın müttəfiqi Tokionun maraqlarına xidmət edir.
"Bu halda Yaponiya tərəfi nəinki öz prinsiplərini aşır, həm də Vaşinqtonun indi sözün əsl mənasında istədiyi kimi sərəncam verə biləcəyi silahlara nəzarəti mahiyyətcə yoxa çıxır", - diplomat qeyd edib.
Zaxarova vurğulayıb ki, Moskva sursatların son nəticədə Ukraynaya gedə biləcəyini istisna etmir.
"Bununla əlaqədar olaraq, xəbərdarlıq etmək istərdik ki, Yaponiya raketləri Ukrayna Silahlı Qüvvələrinin əlinə keçərsə, bu cür hərəkətlər Rusiya Federasiyasına qarşı açıq-aşkar düşmənçilik kimi qiymətləndiriləcək və ikitərəfli münasibətlər kontekstdə Yaponiya üçün ən ağır nəticələrə səbəb olacaqdır.", o vurğulayıb.