BAKI, 26 dekabr - Sputnik. "Yusif Vəzir Çəmənzəminlinin nəşini gətirib Şuşada dəfn etməliyik".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
Deputat bildirib ki, bu il Yusif Vəzir Çəmənzəminlinin ölümünün 80 illiyidir: “O, Nijni-Novqorod deyilən yerdə dəfn olunub, məzarının yeri təqribən bəllidir. Ona görə bizim hakimiyyət bu istiqamətdə ciddi addım atmalıdır, Rusiya ilə münasibətlərimiz normaldır, müstəqil dövlətik. Buna görə onun nəşi gətirilib Şuşada dəfn olunmalıdır. Biz Qarabağa yalnız insanları deyil, müstəqilliyimiz uğrunda savaşan insanların ruhlarını da qaytarmalıyıq. Bununla bizim hökumət ciddi maraqlanmalı, onun nəşinin Azərbaycana qaytarılmasını təmin etməlidir”.
Çəmənzəminli Yusif Vəzir
Qeyd edək ki, Azərbaycanın dövlət xadimi və yazıçısı 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində dünyaya gəlib.
İlk təhsilini Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı aylıq yumoristik jurnal çıxarıb.
Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olan Yusif Vəzir təhsilini davam etdirmək üçün Bakıya gedir. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur "Məlik Məmməd" nağılını qələmə alır.
Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Cəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.