BAKI, 26 dekabr — Sputnik. 30-a yaxın dövlət BRİKS ilə tərəfdaşlıq qurmaq istəyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Vahid Rusiya" partiyasının Baş Şurasının beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək komissiyasının iclasında bildirib.
"Artıq assosiasiyamızın üzvləri sırasına qoşulmuş ölkələrlə yanaşı, bu gün 30-a yaxın dövlət BRİKS ilə tərəfdaşlıq qurmaq istəyir", - nazir bildirib.
Lavrovun sözlərinə görə, bir çox ölkələrin ittifaqa yaxınlaşmaq istəyi BRİKS-in həqiqətən demokratik, qarşılıqlı hörmət əsasında işlədiyi şəraitdə təbiidir.
"Biz BRİKS-in çoxqütblü dünyanın sütunlarından biri kimi öz mövqeyini gücləndirməsi üçün çalışmaqda davam edəcəyik", - Rusiya XİN rəhbəri qeyd edib.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. Avqustun sonunda Yohannesburqda keçirilən zirvə toplantısından sonra BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiya BRİKS-ə rəsmi olaraq dəvət edilib və yeni ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq.