BAKI, 26 dekabr - Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı” müzakirəyə çıxarılıb.
Bəyanatı Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli oxuyub.
"Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridir".
Bu barədə Milli Məclisdə təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatında qeyd edilib.
Bildirilib ki, işğalın ağır nəticələrinə baxmayaraq, məhz Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması, beynəlxalq hüququn beş prinsipi, o cümlədən dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış edib. Təəssüf ki, Ermənistanın son 3 il ərzində törətdiyi hərbi-siyasi təxribatlar sülh danışıqlarına mane olub və bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirlərini qaçılmaz edib.
"Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edildikdən sonra Ermənistanla sülh sazişinin bağlanması üçün artıq heç bir maneə qalmayıb. Bu il dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası Baş naziri Aparatının qəbul etdikləri Birgə Bəyanat iki dövlət arasında etimad yaradılması yolunda mühüm irəliləyiş olub.
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələri Azərbaycan Respublikası Prezidentinin regionda möhkəm sülh və sabitlik yaradılması və əməkdaşlıq əlaqələri qurulması istiqamətində təşəbbüs və səylərini qətiyyətlə dəstəkləyirlər. İcma nümayəndələri hesab edirlər ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridir. Bu, iki dövlət arasında real barışığın əldə edilməsinə və regionda birgəyaşayış mühitinin yaradılmasına yönələn önəmli addım olacaqdır", - bəyanatda vurğulanıb.
Bəyanat müzakirəyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, bəyanatın mətni parlamentdə Qərbi azərbaycanlı kimi təmsil olunan 23 deputat tərəfindən hazırlanıb.
***
Dekabrın 26-da Milli Məclisin foyesində "Qayıtmaq haqqımızdır. Azərbaycanlıların deportasiyası foto və sənədlərin dili ilə" mövzusunda sərgi təşkil olunub.
Sərgidə Qərbi azərbaycanlıların tarixin müxtəlif dönəmlərində mərhələlərlə aparılan deportasiya prosesini özündə əks etdirən 30-dan çox foto və sənədlər nümayiş etdirilib.
Sərgidə Milli Məclisin sədri Sahibə Qafarova, deputatlar və Qərbi Azərbaycan İcmasının üzvləri iştirak ediblər.
Sərgidə Qafqaz regionunun Baş xəritəsi (1858-ci il), ətraflı xəritəsi (1869-cu il), İrəvan Qalasının xəritəsi və açarlar, bayrağı, xalçası, dağıdılmış Azərbaycan abidələri, Xan sarayının görüntüsü və s. nümayiş etdirilib.
Qeyd edək ki, Qərbi Azərbaycan indiki Ermənistanın ərazisində tarixən azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan olub. Qərbi azərbaycanlılar dəfələrlə öz doğma yurdlarından sürgün edilib, amansızlıqla qətlə yetiriliblər. XVIII əsrdən başlanan deportasiya üç (I-1905–1920, II-1948–1953, III- 1988–1992) mərhələni əhatə edib.