AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Dekabrın 26-da Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
***
Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev MDB-nin qeyri-rəsmi sammitinin keçirildiyi Sankt-Peterburqda görüş keçiriblər. Görüşdə Minskin Qarabağda infrastruktur obyektlərinin tikintisində iştirakı mövzusuna toxunulub. Bu barədə Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Dekabrın 26-da Sankt-Peterburqda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli görüşü olub. Azərbaycan Prezidenti Belarusun Qarabağda infrastruktur obyektlərinin modernləşdirilməsi və tikintisində iştirak etmək təklifini qəbul edib", - mətbuat xidmətinin məlumatında deyilir.
“Tərəflər razılaşıblar ki, hökumətlərarası komissiyanın məsul şəxsləri və iki ölkə hökumətləri gələcək illər üçün sənaye, kənd təsərrüfatı, tikinti və hərbi sənaye kompleksi sahələrində birgə əməkdaşlıq layihələri üçün birgə iş planı hazırlayacaqlar. Danışıqlarda beynəlxalq gündəm də müzakirə olunub. Azərbaycan lideri belaruslu həmkarına Cənubi Qafqazdakı vəziyyət barədə ətraflı məlumat verib” - məlumatda deyilir.
Mətbuat xidməti xatırladıb ki, dekabrın 24-də Lukaşenko ilə Əliyev arasında telefon danışığı olub. Sonra Belarus dövlətinin başçısı azərbaycanlı həmkarını doğum günü münasibətilə təbrik edib. Prezidentlər ikitərəfli münasibətlərin inkişafının əsas idtiqamətlərini, regiondakı vəziyyəti və çoxtərəfli platformalar çərçivəsində birgə iş mövzusunu müzakirə ediblər.
"Sankt-Peterburqdakı hazırkı görüş telefon danışığında müzakirə edilənlərin davamı idi", - mətbuat xidməti bildirir. Qeyd olunur ki, görüş zamanı Əliyev Lukaşenkonu Azərbaycana dəvət edib.
“Dövlət başçıları Belarus prezidentinin Azərbaycana gözlənilən səfərini müzakirə ediblər”, - deyə mətbuat xidməti məlumat yayıb.
***
Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.
Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub
Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.
Dövlət başçıları əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək gələcək təmaslar və əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.
Sankt-Peterburq şəhərinin "Pulkovo-1" hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşıladılar.