İQTİSADİYYAT

Bananın qiyməti yenidən bahalaşıb - Foto

İdxalçı şirkətdən bildirilib ki, bayram ərəfəsində banana təlabat xeyli artıb.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Azərbaycanda satış şəbəkələrində bananın qiyməti yenidən bahalaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bananın bir kiloqramı 2 manat 79 qəpikdən 3 manat 9 qəpiyə çatıb. Ticarət şəbəkəsindən bildiriblər ki, bananın qiyməti ötən həftənin sonunda bahalaşıb. Buna səbəb bananın distrübüterlər tərəfindən qiymətinin artırılmasıdır.
Qeyd edək ki, iri supermarketlərin hamısında bananın qiyməti 3 manat 9 qəpik olub. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketində də bananın qiyməti 3 manat 9 qəpikdir.
Veysəloğlu Şirkətlər Qrupundan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, şirkətin Azərbaycana idxal etdiyi məhsullar sırasında banan yer almayıb. Şirkət bananın distribusiyası ilə bağlı mövcud tədarükçülərlə əməkdaşlıq edir.
Ölkəmizə əsas banan idxalçılarından biri olan "Baku Fruit Company" dən Sputnik Azərbaycan-a bildirdilər ki, bananın qiyməti son günlər, təlabat artdığı üçün bahalaşıb. Şirkətdən onu da bildirdilər ki, bayram ərəfəsində banana təlabat artıb. Bu isə bananın qiymətində bahalaşmaya səbəb olub. Qiymətlər bayramdan sonra təlabat azalarsa, düşəcək.
Məlumat üçün bildirək ki, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad edilir. Bu, Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ə edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.
İqtisadçı Eldəniz Əmirov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda idxala tətbiq edilən gömrük rüsumunun ləğv edilməsi məhsulların qiymətinə ciddi təsir göstərmir. İqtisadçı bildirib ki, gömrük rüsumları ləğv edilsə də məhsulun qiyməti bahalaşmaqda davam edəcək.
İqtisadçı Eldəniz Əmirov, arxiv
Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 13 milyon 934 min dollar dəyərində 19 min 76 ton banan idxal edilib. Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə bananın bir kiloqramının idxal qiyməti 1.24 manat təşkil edib. Rəsmi rəqəmlərdən də görünür ki, banan idxal qiymətlərindən üç dəfə baha satılır.
Xatırladaq ki, banan Azərbaycana Ekvadordan idxal edilir. Hazırda Azərbaycanın bir ildə banan istehlakı 52 min tondur.
Onu da əlavə edək ki, banan qonşu ölkələrdə də bahalaşıb. 2023-cü ilin oktyabr ayında Rusiyada 1 kq bananın orta pərakəndə satış qiyməti 143.4 rubl (2.65 manat) təşkil edib.
2022-ci ilin oktyabrında - ötən ilin eyni dövründə qiymət 97.7 rubl (1.81 manat) təşkil edib ki, bu da 47% artım deməkdir. Şimal qonşumuzda bananın bahalaşması rublun məzənnəsinin aşağı düşməsi ilə əlaqələndirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.