BAKI, 26 dekabr — Sputnik. Cari ilin doqquz ayında Azərbaycana gələn xarici turistlərin sayı 2022-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 40% artıb.
Bu barədə "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Ekspert bu il turizm sahəsinin, xüsusən də ölkəyə gələn turistlərin sayında müəyyən artım dinamikasının olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın dünyada daha çox tanınması və Yaxın Şərq ölkələrindən ölkəmizə müntəzəm uçuşların sayının artması fonunda ərəb ölkələrindən gələn qonaqların sayı da çoxalıb.
"Biz ölkəyə gələn turistlərin sayında hələ pandemiyadan əvvəlki göstəricilərə nail olmamışıq. Lakin ildən-ilə müsbət artım templəri var. Azərbaycanın turizmdən əldə etdiyi gəlirlərə gəlincə, turistlərin ümumi sayına deyil, onların qaldıqları yerdə və kurort zonalarında nə qədər pul xərclədiklərinə diqqət yetirmək lazımdır", - deyə Dübəndi qeyd edib.
Daha ətraflı videomuzda izləyə bilərsiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.