"Alıcılar balacaları sevindirmək məqsədilə yeni il hədiyyəsi alarkən ilk növbədə qutunun üzərində istehsalçı şirkətin adı, ünvanı, telefon nömrəsinin qeyd olunmasına diqqət yetirsinlər. Daha sonra hədiyyə bağlamasının nə vaxt istehsal edildiyinə baxsınlar. Amma bu, yeni il hədiyyə qutularının içərisindəki məhsulların keyfiyyətli olduğuna tam əsas vermir. Çünki, bəzən istehsalçılar ucuz başa gəlməsi üçün vaxtı keçmiş məhsulları hədiyyə qutularına yığırlar. Ona görə də hədiyyə qutularının içərisindəki məhsulların da istehsal tarixinə diqqətlə yanaşılmalıdır", - deyə Eyyub Hüseynov bildirib.
"Bununla yanaşı, yeni il hədiyyə qutularını alarkən onun qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə, korlanmadığına diqqət yetirilməlidir. Eyni zamanda qutuların içərisindəki məhsullar da diqqətdən yayınmamalıdır. Yadda saxlamalıyıq ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə riayət edilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoğurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir", - deyə məlumatda bildirilir.