TƏHSİL

Təhsildə təmayülləşmə: Adı var, bəs nəticəsi niyə yoxdur?

Məktəblərdə təmayül siniflərin yaradılması repetitorluğun qarşısını almağa hədəflənsə də, həmin siniflərdə oxuyan uşaqlar yenə də repetitor yanına getməyə məcbur olurlar.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. 2023-cü ildə ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Bunu bir neçə gün öncə Peşə Təmayüllü Siniflər layihəsinin rəhbəri Xanım Şabanova "llkin bacarıqlardan davamlı inkişafa" adlı hesabat tədbirində deyib.
Onun sözlərinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 188 məktəbdə təşkil edilən 922 təmayül sinifdə 20 592 şagird təhsil alır. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.
Bəs görəsən məktəblərdə təmayülləşmə öz bəhrəsini verirmi?
Paytaxt məktəblərindən təmayülləşmə tətbiq edilən məktəblərinin birində təhsil alan Nihan Abdullayev Sputnik Azərbaycan-a bildirib ki, riyaziyyat təmayüllü sinifdə oxusa da, riyaziyyatdan hazırlığa da gedir. Onun sözlərinə görə, siniflərindəki şagirdlərin çoxu 9-cu sinif üzrə buraxılış imtahanlarında riyaziyyatdan yüksək nəticə göstəriblər. Bununla belə, onların hər biri riyaziyyat fənni üzrə repetitor yanına gedirlər.
Təhsil üzrə ekspert Elçin Əfəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təmayüllü siniflər ali təhsil müəssisələrinin müvafiq ixtisas qrupları üzrə formalaşır. Onun sözlərinə görə, məktəblərdə təmayül siniflərinin yaradılması bir növ repetitorluğun qarşısını almağa hədəflənib. Amma hələlik onun bir effekti hiss olunmur.
"Yalnız istisna hallarda bəzi təhsil müəssisələrinin təmayül siniflərinin şagirdləri nəticə göstərə bilir. Ona görə də, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təkcə məktəblərdə təmayül siniflərinin yaradılması kifayət deyil. Təmayül siniflərinə daha peşəkar müəllimlər cəlb olunmalıdır. Yalnız bu halda repetitora ehtiyac olmadan təmayülləşmə nəticə verə bilər" - ekspert deyib.
E.Əfəndi onu da əlavə edib ki, təhsildə təmayülləşmə olsa da, belə siniflərdə təhsil alan şagirdlər təmayül fənləri üzrə repetitor hazılığına müraciət edirlər:
"Bu gün yuxarı sinif şagirdlərinin çoxu repetitor hazırlığına gedir. Bu onu göstərir ki, hələlik təmayülləşmə səmərə vermir. Təmayülləşmənin priotet istiqamət olaraq formalaşmasını istəyiriksə, onun əhatəliliyi artırılmalıdır. Eyni zamanda nəzarət mexanizmi tətbiq edilməlidir. Yalnız bu halda təmayüllü siniflərdən gözlədiyimiz nəticəni əldə edə bilərik".
Qeyd edək ki, tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqd,a paralel siniflər təşkil edilir.