BAKI, 25 dekabr — Sputnik. Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycan prokurorluğunun görüşünün nəticəsi barədə deyib.
"Bu görüş iki ölkənin münasibətləri prosesində və Azərbaycanın İrandakı səfirliyi məsələsində qalan məsələlərin həlli istiqamətində iki ölkənin səylərinin bir hissəsidir. Proses indiyədək müsbət olub və bu işin bir çox aspektləri həll edilib. Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib. Biz, iki ölkə arasında münasibətlərin digər sahələrində də yaxşı hadisələrin şahidi olduq. Ticarət sahəsində də yaxşı danışıqlar aparılıb" - o qeyd edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlara atəş açıb. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstəriblər. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanıb.
Yasin Hüseynzadə çox keçməmiş, İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılıb. Hadisəni törədən Hüseynzadə istintaqa cəlb olunub.
Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınayaraq səfirliyə hücumla bağlı məsuliyyətin İranda olduğunu vurğulayıb. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirib.
Azərbaycan Xarici İşlər Nazirliyi hücumla əlaqədar İrandakı səfirliyin əməkdaşlarının evakuasiyasına qərar verib. Yanvarın 30-da Azərbaycan səfirliyinin əməkdaşları Tehrandan evakuasiya edilib və səfirliyin fəaliyyəti dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.