CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Geomaqnit qasırğası gözlənilir

Alışmalar Günəş fəallığının əsas elementidir və A, B, C, M və X sinif alışmalar kimi təsnifləşdirilib.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. Günəş küləyi sürətinin 24 dekabrda baş vermiş Tac Kütlə Atılmaları (TKA) təsiri ilə artacağı gözlənilir.
Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, geomaqnit sahəsi – 24 dekabrda baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və 27 dekabrda Yerə çatacağı gözlənilir.
Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Sonra isə geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, dekabr ayının 14-də saat 21:02-də Günəşdə 3514 oblastında X2.87 sinifli alışma baş verib.
Alışmalar Günəş fəallığının əsas elementidir və A, B, C, M və X sinif alışmalar kimi təsnifləşdirilib. X sinif alışmalar ən güclü alışmalardır. Sonuncu belə alışma isə 2017-ci ildə baş verib.
Alışmalar bəzən Tac Kütlə Atılmaları (TKA) ilə müşaiyət olunur. Adətən Tac Kütlə Atılmalarının yaratdığı Günəş küləyi Yerə ortalama olaraq 48-72 saat ərzində çatır. Birbaşa Günəş Yer xətti üzərində (mərkəzi meridianda) çox güclü alışma baş verərsə, Yerə təsiri daha tez çatır və daha intensiv olur. Son alışma isə Günəş diskinin qərb kənarına yaxın baş verib ki, bu da onun Yerə təsirini zəiflədir.
Alışma səbəbli püskürülən TKA ~1900 km/san sürətlə Yerə doğru hərəkət edir maqnit qasırğası gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.