BAKI, 25 dekabr — Sputnik. Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, qarşıdan Yeni il bayramı gəlir. Bu münasibətlə bəzədilən küknar ağacı ətrafında keçirilən bayram tədbirləri həm də yanğın təhlükəsini yaradır. Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların ən sadə təhlükəsizlik qaydalarına etinasız münasibətinə rast gəlinir ki, bu da sonda əziz bayramın faciəyə çevrilməsinə səbəb olur.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən yeni il şənliklərinin keçiriləcəyi məkanların rəhbərlərinə bir daha müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır:
- Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
Ağac tezalışan oyuncaqla bəzədilməməli;
Qapalı məkanda atəşfəşanlıq edilməməlidir.
Bundan başqa, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır:
Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
Pəncərədə dəmir barmaqlıq olmamalı;
Məkanın iki çıxışı olmalı;
Ehtiyat qapı üzərində "Çıxış" sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi olmalı;
Ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;
Təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;
Otağın qapıları mütləq bayıra açılmalı;
Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
Şənlikdə işıq tam söndürülməməli;
Şənliyə tezalışan materialdan paltar geyinilməməli;
Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Həmçinin, bildiririk ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək və tədbirlərin keçirilməsini Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırmaq tələb olunur. Obyekt rəhbərləri Xidmətə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.