BAKI, 25 dekabr — Sputnik. Dekabrın 25-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib.
Bu gün də tarixə düşən bəzi hadisələr baş verib.
Dekabrın 25-də kimlər anadan olub?
Nailə Vəlixanlı (1940) - Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının akademiki və əməkdar elm xadimidir.
Lui Şevrole (1878-1941) - İsveçrə əsilli amerikalı yarış avtomobil pilotudur. O, 1911-ci ildə "Chevrolet" şirkətini, 1916-cı ildə isə "Ford Model T" üçün yarış komponentləri istehsal edən "Frontenac Motor Corporation" şirkətini qurub.
Konrad Hilton (1887-1979) - amerikalı sahibkar, "Hilton" hotellər şəbəkəsinin qurucusudur. O, ulduzlara görə hotelləri qiymətləndirib, hotelləri restoranlar, kazinolar və bir çox şeylərlə birləşdirib, hotelləri adi yaşayış yerlərindən xoş istirahət edə biləcək məkanına çevirib.
Hamfri Boqart (1899-1957) - amerikalı kinoaktyor, "Oskar" mükafatı laureatıdır. Amerika Film İnstitutuna görə ABŞ kino tarixinin ən yaxşı aktyorudur.
Dik Miller (1928-2019) - amerikalı aktyor, epizod ustasıdır. O, kino və televiziyada yüzdən çox rolu oynayıb. Dik daha çox "Oyuncaq əsgərlər", "Sərdabə uydurmaları: Şeytan cəngavər", "Qremlinlər" və "Terminator" filmləri ilə tanınır.
Yevgeni Marqulis (1955) - rusiyalı musiqiçi, müğənni, gitaraçı, mahnı müəllifi, teleaparıcı, Rusiyanın əməkdar artisti, "Zamanın maşını" (1975-1979, 1990-2012) və "Bazar günü" (1979, 1980, 1994-2003) qruplarının üzvüdür.
Dekabrın 25-də dünyada baş verən tarixi hadisələr
1759-cu ildə Sankt-Peterburqda akademik Yozef Braun ilk dəfə olaraq bərk civə əldə edib.
1938-ci ildə SSRİ-də ilk dəfə olaraq ölkənin əsas Yeni il Yolkası quraşdırılıb. 15 metrlik olan Yolka SSRİ İttifaqlar Evinin Sütun zalını bəzəyib.
1991-ci ildə Mixail Qorbaçov SSRİ prezidenti vəzifəsindən istefa edib. Rəsmi olaraq Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) adı dəyişdirilərək Rusiya Federasiyası (Rusiya) olub. Saat 19:35-də Kremlin üzərində SSRİ bayrağı Rusiya bayrağı ilə əvəz olunub.
1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qərar qəbul edib. Qeyd edək ki, dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında bu günün təsis edilməsi haqqında qərar qəbul edilib.
1991-ci ildə Azərbaycanda latın qrafikası əsasında Azərbaycan əlifbasının bərpası haqqında qanun qəbul edilib.
1991-ci ildə İran Azərbaycanın dövlət müstəqilliyini tanıyıb.
1992-ci ildə Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə test sistemi üzrə qəbul imtahanlarının keçirilməsi haqqında qərar qəbul edilib.
2007-ci ildə Azərbaycanda "Sığorta fəaliyyəti haqqında" qanun qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.