BAKI, 25 dekabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası "Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması"nı və "Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər"i təsdiqləyib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 dekabr 2017-ci il tarixli "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya (lisenziya əlavəsinin) alınması üçün ərizənin forması"nın təsdiq edilməsi barədə və "Girov vəsaitinin geri alınmasına dair rəyin forması"nın təsdiq edilməsi barədə qərarları ləğv edib.
Taleh Kazımov
© Photo : Central Bank of the Republic of Azerbaijan
Bu Tələblərdə nəzərdə tutulan nizamnamə (şərikli) kapitalına dair tələblər eynilə qeyri-rezident hüquqi şəxsin filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinə şamil ediləcək.
Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda minimum nizamnamə (şərikli) kapitalının 10%-i məbləğində girov vəsaiti yerləşdirməlidir.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər bu tələblər qüvvəyə mindiyi tarixdən 6 ay ərzində minimum nizamnamə kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görməli və bununla əlaqədar müvafiq sənədləri həmin müddətdə AMB-yə təqdim etməlidirlər.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.