RUSİYA

Rusiya bazarlarında Azərbaycan yumurtasına tələbat artıb

Noyabr ayında Rusiyada yumurta oktyabr ayı ilə müqayisədə 15,07% bahalaşıb, ilin əvvəlindən isə toyuq yumurtasının qiyməti 36,54% artıb.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Azərbaycan Rusiyaya ikinci partiya 306 min ədəd yumurta idxal edib.
Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
“Dekabrın 21-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan 18 ton (306 min ədəd) həcmində süfrə yumurtasının ikinci partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə idxal edilib”, - məlumatda qeyd olunub.
Qurum bildirib ki, Azərbaycandan yumurta ixracı üçün Rusiya bazarının açılması barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin apardığı danışıqlardan sonra qəbul edilib.
Rosstatın məlumatına görə, noyabr ayında Rusiyada yumurta oktyabr ayı ilə müqayisədə 15,07% bahalaşıb, ilin əvvəlindən isə toyuq yumurtasının qiyməti 36,54% artıb. Vəziyyət artıq müxtəlif idarələrin diqqətini cəlb edib. Məsələn, Federal Antiinhisar Xidməti noyabrın ortalarında yumurta istehsalçılarına qiymətlərlə bağlı sorğular göndərdiyini açıqlayıb.
20.12.23, 10:20
Azərbaycandan Rusiyaya yumurtanın ixracına başlanıb
Azərbaycandan Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, dekabrın 19-da Rusiya Federasiyasına "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.
Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Qeyd edək ki, AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Bu da qida təhlükəsizliyi nəzarəti sisteminin artıq Azərbaycanda sənaye quşçuluq səviyyəsində beynəlxalq standartlara uyğun olmasından irəli gəlir.
19.12.23, 09:02
Azərbaycandan töhfə: Rusiyada yumurta yeni ildən ucuzlaşmağa başlayacaq
Toyuq yumurtasının pərakəndə satış qiymətlərinin hazırkı səviyyəsi son 10 ildə rekord göstəricidir, lakin Yeni ildən sonra onlar ucuzlaşmağa başlayacaq.
Rusiya Qida Məhsulları İstehsalçıları və Təchizatçıları Assosiasiyasının ("Rusprodsoyuz") idarə heyətinin sədr müavini Dmitri Leonov belə hesab edir.
"Rusiyada dekabrın 11-dən 17-dək olan həftədə 10 yumurtanın orta pərakəndə satış qiyməti 121,8 rubl (0,23 AZN - red.) təşkil edib. Hazırkı qiymət səviyyəsi 2013-cü ildən başlayaraq son 10 ilin rekordudur. Lakin Yeni ildən sonra biz yumurtanın orta pərakəndə satış qiymətinin aşağı düşməsini müşahidə edə bilərik" - "Rusprodsoyuz" Leonovun sözlərindən sitat gətirib.
Öz növbəsində pərakəndə satış şəbəkələri ilə razılaşmalar qiymətlərin sabitləşməsinə kömək edəcək. Məsələn, hazırda şəbəkə birja ticarəti yay aylarına nisbətən yumurta qıtlığı səbəbindən daha yüksək qiymətlər göstərir. O zaman şəbəkələr quşçuları yumurtanı qiymətindən aşağı satmağa məcbur edirdi. Nəticə bugünkü vəziyyətə gətirib çıxardı. İdxalın açılması da qiymətlərə əlavə təzyiq göstərəcək" - Leonov əlavə edib.
Rusiya Federasiyasında toyuq yumurtası ilin əvvəlindən 46% bahalaşıb, həftəlik artım tempi hələ də azalmayıb: dekabrın 5-dən 11-dək qiymətər 4,55% artıb. Rusiya Prezidenti Vladimir Putin ötən cümə axşamı (15 dekabr - red.) yumurta və toyuq ətinin qiyməti ilə bağlı vəziyyətə dair sualı cavablandırarkən, bahalaşmanı tələbatın artması, lakin istehsalın artmaması, idxalın vaxtında açılmaması ilə izah edib. Rusiya Federasiyasının Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev bu günlərdə ümid etdiyini bildirib ki, Yeni ildən sonra Rusiya Federasiyasında toyuq yumurtasının qiymətləri ucuzlaşmağa başlayacaq.
Patruşev idxal olunan yumurtalar üçün idxal rüsumlarının götürülməsini əsas şərtlərdən biri adlandırıb: "Avrasiya İqtisadi Komissiyasının Şurası Rusiyaya 2024-cü il yanvarın 1-dən iyunun 30-dək 1,2 milyard ədəd toyuq yumurtasının rüsumsuz idxalı üçün müvəqqəti tarif güzəşti verib. Bundan əlavə, səlahiyyətlilər yumurta və quşçuluq istehsalçılarına dəstək tədbirlərini yaxşılaşdıraraq pərakəndə satış şəbəkələri ilə birbaşa müqavilələrin bağlanmasını təşviq edirlər".
Azərbaycan da Rusiyaya toyuq yumurtası göndərir
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti dekabrın 14-də bəyan edib ki, Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükü bu həftənin (artıq ötən həftənin - red.) sonuna qədər, Türkiyədən isə yaxın vaxtlarda gözlənilir.
"Daxili bazarı təmin etmək məqsədilə operativ tədbir çərçivəsində toyuq yumurtası ilə bağlı idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib və bu məhsulun tədarükünün artırılması istiqamətində dost ölkələrlə də danışıqlar aparılır. Azərbaycandan ilk tədarüklər bu həftənin sonuna, yaxın gələcəkdə isə Türkiyədən gözlənilir. Nəticədə, növbəti ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır", - məlumatda qeyd olunub.
Nazirliyin məlumatına əsasən, 2023-cü ilin 10 ayının yekunlarına görə, yumurta istehsalı 2,3% artaraq 31,74 milyard ədəd təşkil edib.
Xatırladaq ki, bundan öncə Azərbaycandan Rusiyaya quşçuluq məhsulları və ərzaqlıq yumurtanın ixracı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında razılıq əldə olunub.
Bakıda rəsmi səfərdə olan Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
Görüşdə "Rosselxoznadzor"un rəhbərinə bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Qonaq ölkədə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.
Görüşdə həmçinin iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması, səriştəlilik sınaqlarının həyata keçirilməsi və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.
Görüşdən sonra S.Dankvert iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin Kompleks Tədqiqatlar, Milli Referens, Mərkəzi Fitosanitar və Səhra laboratoriyalarına baxış keçirib. Qonaq laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Laboratoriyalara baxış keçirildikdən sonra jurnalistlərə açıqlama verən "Rosselxoznadzor"un rəhbəri AQTİ-də laboratoriya sisteminin peşəkarlıqla qurulduğunu bildirib. Eyni zamanda müvafiq müayinələrin yüksək səviyyədə aparıldığını vurğulayıb.
Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,6 milyard ədəd yumurta istehsal olunub. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə yumurta istehsalı 11,9 faiz artıb.