BAKI, 23 dekabr - Sputnik. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərin şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı məsələyə aydınlıq gətirib.
“Report”un məlumatına görə, o, komissiyanın bu gün keçirilən iclasında deyib ki, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti sənədin üzərində qeyd olunur.
M.Pənahov bildirib ki, səsvermə üçün əsas olan şəxsiyyət vəsiqəsinin etibarlılığıdır:
"Yeni nəsil şəxsiyyət vəsiqələrində də bu var. Hazırladığımız bildiriş formalarında da köhnə nəsil şəxsiyyət vəsiqələrinə uyğun olaraq verilmə tarixi də tələb edilir. Əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır. Yoxsa, buna görə vətəndaş məhkəməyə müraciət edə bilər. Müxtəlif istiqamətlərdə maarifləndirmə işlərinə başlanılıb".