BAKI, 22 dekabr — Sputnik. Ermənistan Parlamentinin spikeri Alen Simonyan tərəflər sülh müqaviləsini imzaladıqdan sonra Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi məsələsinə ayrıca baxılan variantın müzakirəsini mümkün adlandırıb.
"Əgər ölkələr öz cəmiyyətlərini həqiqətən sülhə hazırlayırlarsa, normallaşmaqda maraqlıdırlarsa, sərhədlər məsələsinin sonraya qoyulduğu ssenari tamamilə mümkündür", - deyə parlament spikeri jurnalistlərə bildirib.
Simonyan eyni zamanda bunun onun şəxsi rəyi olduğunu vurğulayıb.
O hesab edir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər və bu məsələnin həllinə sülh müqaviləsi bağlandıqdan sonra başlamaq olar.
"Bununla yanaşı, əlbəttə ki, sülh müqaviləsi yeni müharibədən sığorta edə bilməz, buna görə də ilk növbədə siyasi iradə lazımdır", - deyə Simonyan bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Bakı Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların iclaslarının və birgə işçi iclaslarının təşkili və keçirilməsi reqlamentini təsdiq edib. Müvafiq sərəncamı dekabrın 14-də Baş Nazir Əli Əsədov imzalayıb.
İclasların və görüşlərin tarixi, vaxtı və yeri komissiya sədrləri arasında razılaşdırılmaqla müəyyən edilir. Sessiyaların və iclasların özləri növbə ilə Azərbaycan və Ermənistan ərazisində və ya sərhəddə, yaxud üçüncü dövlətlərin ərazisində keçirilir.
İclasların və görüşlərin gündəliyi, nümayəndə heyətlərinin siyahısı və protokol məsələləri komissiya sədrlərinin razılığı ilə müəyyən edilir.
Komissiya sədrləri başqa formatla razılaşmadıqda, birgə iclaslar və işçi görüşlər bağlı qapılar arxasında keçirilir.
Qərar iclas və görüşlərin işçi dili kimi rus və ya ingilis dillərini müəyyən edib. Onların nəticələrinə əsasən rus və ya ingilis dillərində iki nüsxədə yazılı protokol tərtib edilir.
Qeyd edək ki, noyabrın 30-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və ermənistanlı həmkarı Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan və Ermənistan sərhədində iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların beşinci iclası keçirilib.
Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosessual aspektləri nəzərdən keçiriblər.
Bundan əlavə, onlar Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların iclaslarının və birgə işçi iclaslarının təşkili və keçirilməsi üçün əsasnamənin mətnini əvvəlcədən razılaşdırıblar.
Noyabrda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh sazişinin əsas prinsipləri razılaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.