HƏRBİ

Hərbi qulluqçuların, gizir və miçmanların xidmət etdikləri son yaş həddi dəyişir

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklik müzakirə edilib.
Sputnik
BAKI, 22 dekabr - Sputnik. Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi dəyişir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, sənəddə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində hərbi xidmətdə olmalarının təmin edilməsi, onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.
Layihəyə əsasən, “Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edəcəklər:
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5 yaş;
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 48 yaş;
Qüvvədə olan qanuna əsasən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər:
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş;
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.