TƏHLİL

Ermənistan KTMT-ni şantaj edir - Simonyanın absurd fikirlərinə reaksiya

Siyasi analitik bildirir ki, Azərbaycan və Ermənistan sərhədləri delimitasiya edilmədiyi bir şəraitdə Ermənistanın hansısa ərazilərinin zəbt edilməsi iddiası ilə çıxış etməsi əsassızdır.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Ermənistan Milli Assembleyasının sədri Alen Simonyan KTMT qarşısında şərt qoyub. Simonyan deyib ki, KTMT Ermənistanın suverenliyinin, ərazi bütövlüyünün pozulması barədə mövqeyini nümayiş etdirsin və ancaq bundan sonra Ermənistan üzünü KTMT-yə sarı çevirəcək.
Simonyanın ermənisayağı həqiqətlərinə politoloq İlqar Vəlizadə və siyasi analitik Nadir Şəfiyev faktlarla cavab verib.
Politoloq İlqar Vəlizadə deyir ki, KTMT uzun zaman Ermənistana təklif etdi ki, bölgəyə komissiya gəlsin və mövcud vəziyyəti qiymətləndirib rəy hazırlasın:

"Təşkilat təklif edir ki, hazırlanmış rəy KTMT-yə üzv ölkələrin dövlət başçılarına təqdim edilsin və bundan sonra məsələyə siyasi qiymət verilsin. Ermənistan isə buna razı olmur. Ermənistan deyir ki, siz əvvəlcə siyasi qiymət verin, sonra komissiyanın fəaliyyətinə imkan verək. KTMT isə məntiqə uyğun hərəkət edir və indi də Ermənistana deyilir ki, bölgəyə komissiya gəlsin və vəziyyətə olduğu kimi qiymət versin".

İlqar Vəlizadə, arxiv
Politoloq qeyd edir ki, Ermənistan KTMT əvəzinə bölgəyə Avropa İttifaqı (Aİ) monitorinq missiyasının gəlməsinə nail olub:
"Ancaq Aİ monitorinq missiyası heç bir təqdiqat aparmır, bu missiyanın işi sadəcə müşahidə etməkdir. Aİ missiyasının situasiya ilə bağlı siyasi bəyanat vermək səlahiyyəti yoxdur. Ermənistan tərəfi bu müşahidə missiyasını siyasi məqsədləri üçün bölgəyə gətirib, ancaq taleyin ironiyasıdır ki, həmin missiyanın da bunu etmək üçün mandatı yoxdur. Bu baxımdan Simonyanın fikirləri hazırkı şəraitdə absurd səslənir".

"KTMT vəziyyətlə yerində tanış olmalıdır. Ermənistan tərəfi doğrudanda KTMT-nin mövqeyini öyrənmək istəsəydi komissiyanın işinə şərait yaradardı. Amma məsələ həm də burasındadır ki, KTMT-yə üzv olan ölkələrin həm də Azərbaycanla siyasi və hərbi müstəvidə tərəfdaşlığı mövcuddur. Bu baxımdan KTMT missiyası rəy verərkən Azərbaycanın da maraqlarını nəzərə alacaqdı", - deyə politoloq qeyd edib.

Siyasi analitik Nadir Şəfiyev isə bildirir ki, Azərbaycan və Ermənistan sərhədləri delimitasiya edilmədiyi bir şəraitdə Ermənistanın hansısa ərazilərinin zəbt edilməsi iddiası ilə çıxış etməsi əsassızdır.
Nadir Şəfiyev, arxiv

"Ermənistan bizim 8 anklavımızı özündə saxlayır. Əgər ərazilərlə bağlı iddiaları varsa, ilk olaraq bu anklavların taleyindən danışsınlar. Ermənistanın iddiaları cəfəngiyyatdır. Özlərinə əmindirlərsə, delimitasiya prosesini sürətlə başa çatdırsınlar və bu məsələni də əsaslandırsınlar. Bu gün Ermənistanın KTMT ilə bu cür danışması siyasi şantaj sayıla bilər. Hazırkı Ermənistan hökuməti açıq-aşkar qərbyönümlü siyasət yeridir. Sadəcə olaraq, həmişəki kimi, Rusiyanı qıcıqlandırmadan onun təsirindən çıxmaq istəyir. KTMT ilə əməkdaşlıq etmək istəsəydilər, bu təşkilatın müşahidəçilərini bölgəyə buraxardılar. Ermənistan hakimiyyəti siyasi spekulyasiya ilə məşğul olur", - deyə analitik fikrini ifadə edib.

Qeyd edək ki, noyabrın 30-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və ermənistanlı həmkarı Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan və Ermənistan sərhədində iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların beşinci iclası keçirilib.
Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosessual aspektləri nəzərdən keçiriblər. Bundan əlavə, onlar Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların iclaslarının və birgə işçi iclaslarının təşkili və keçirilməsi üçün əsasnamənin mətnini əvvəlcədən razılaşdırıblar.
Noyabrda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh sazişinin əsas prinsipləri razılaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Yerevan sərhədlərin delimitasiyasının müzakirəsini mümkün hesab edir