RUSİYA

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Qruşkonu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də qəbul edib.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Azərbaycan və Rusiya Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, dekabrın 21-22-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov ilə regional və Avropa təhlükəsizliyi məsələləri üzrə məsləhətləşmələr aparıb.
Qeyd olunub ki, Qruşkonu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də qəbul edib.
Bundan əlavə, Rusiya XİN başçısının müavini Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycan Milli Məclisinin Beynəlxalq məsələlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilə görüşlər keçirib.
Cənubi Qafqaz və Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, Avropa Şurasındakı vəziyyət, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. İkitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələlərə də toxunulub.
Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb.
Hər iki tərəf regional və Avropa təhlükəsizliyi məsələləri üzrə sıx dialoqun davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.