BAKI, 21 dekabr — Sputnik. "Dünyada nasizmin təhlükəsini aydın dərk edən ölkələr bu qətnamənin leyhinə səs veriblər. Çünki İkinci Dünya Müharibəsinin bəşəriyyəti üzləşdirdiyi təhlükələr hələ də unudulmayıb". Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Millət vəlkili qeyd edib ki, İkinci Dünya Müharibəsi faşizm ideologiyasının nə qədər təhlükəli olmasını ortaya qoydu:
"Bəşəriyyətin başına bəlalar həm də nasizm ideologiyaları üzündən gəlib. Amma son illərin müşahidələri aydın göstərir ki, bu ideologiyanın dirçəldilməsində maraqlı olan tərəflər var. Onlar bunu öz maraqlarının alətinə çeviriblər. Belə ki, nasizmin qəhrəmanlaşdırılması ilə mübarizə haqqında qətnamənin əleyhinə səs verən ölkələr arasında ABŞ, Almaniya, Fransa və digər ölkələrin olması həmin ölkələrdə insan haqlarının vəziyyəti ilə bağlı başqa səsləndirdikləri fikirlərlə qoyduqları mövqe arasında kəskin paradoks yaradır. Əslində bu gözlənilən idi. Çünki Qərbin bir sıra ölkələri, xüsusən də ABŞ öz üstünlükləri prinsipindən çıxış edirlər. Öz dəyərlərini başqa dövlətlərə, xalqlara qəbul etdirməyə çalışırlar".
Elşad Mirbəşiroğlu bildirir ki, qloballaşmanın meydana gəlməsi və sürətlə dünyada yayılmasını şərtləndirən başlıca məqsəd ibarət idi ki, dövlətlər arasında sərhədlər yox olma səviyəsinə gəlsin: "Çünki bu halda ayrı-ayrı xalqlar da öz identikliklərini, dövlətlər suverenliyini itirəcək, bu isə onların vahid mərkəzdən idarə olunmasına gətirib çıxaracaq. Qlobal liderlik strategiyasının mövcudluğu və onun həyata keçirilməsi istiqamətində ayrı-ayrı coğrafiyalarda neonasizm ideologiyasına istinad edilərək addımların atılması bunu aydın nümayiş etdirir. Bu baş verənlər başlıca olaraq ABŞ-ın maraqlarına xidmət edir. Bu zaman başqa dövlətlərin və xalqların maraqlarının təmin olunması imkanları ya əhəmiyyətli dərəcədə məhdudlaşdırılır, ya da ümumiyyətlə olmur. Bu da qlobal təhlükəsizlik üçün çox ciddi əngəl yaradır".
Millət vəkili deyir ki, yeni mərhələdə neonasizmin yeni elementlər üzərindən inkişaf etdirilməsi təkcə Qərbin və ABŞ-ın təsir dairəsində olan dövlətlər və xalqlar üçün deyil, öz suverenliyini qorumuş az sayda xalqlar və dövlətlər üçün də təhlükəlidir: "Nasizmin inkişaf etdirilməsi həmin suveren ölkələrin suverenliklərini itirməsinə səbəb ola bilər. Baş verən hadisələr də bunu nümayiş etdirməkdədir. Rusiya tərəfindən BMT Baş Assambleyasına təqdim olunmuş və böyük dəstək qazanaraq qəbul olunmuş qətnamənin əhəmiyyəti çox böyükdür. Çünki bu qətnamə bəşəriyyət üçün çox təhlükəli olan nasizmin qəhrəmanlaşdırılması və təbliğ olunmasına qarşı mübarizəyə səsləyir. Bu gün Qərbin dəstəyi ilə dünyada nasizmi təbliğ edən informasiyalar çox geniş vüsət alıb. Xüsusilə də Avropanın bir çox ölkələrində İkinci Dünya Müharibəsinin qəhrəmanlarının abidələri üzərində nasizmi ifadə edən qrafitlərə rast gəlinir. Həmçinin qeyd etmək lazımdır ki, etnik, milli, dini mənsubiyyətə görə diskriminasiya hallarının genişlənməsi müşahidə olunur və bu qətnamə bu hallara qarşı da mübarizəyə səsləyir".
Millət vəkilinin fikrincə, bu gün ikinci dünya müharibəsinin nəticələri ya təhrif olunur, ya da onun əhəmiyyətinin azaldılmasına cəhdlər edilir: "Bu bir daha sübut edir ki, nasizm üzərində qələbə ilə nəticələnən İkinci Dünya Müharibəsi bu gün neonasizm ideologiyasını inkişaf etdirən dairələr tərəfindən qəbul olunmur. Bu baxımdan İkinci Dünya Müharibəsinin nəticələrinin əleyhinə geniş bir kampaniya həyata keçirilməkdədir. Rusiyanın dəstəklənmiş qətnaməsi neonasizmə qarşı mübarizəyə çağırış istiqamətində əhəmiyyətlidir. Bu baxımdan təbii ki, geosiyasi mübarizəni öz fəaliyyətlərinin əsası hesab edən dövlətlər bəşəriyyəti təhlükə qarşısında qoyan təhdidləri görməzdən gəlirlər. Bunlar həmin ölkələrdir ki, öz marginal maraqlarını digər dövlətlərin və xalqların üstündə görürlər".
"Bu baxımdan ABŞ və Avropanın bəzi ölkələri xüsusilə qeyd edilməlidir. Beləki ABŞ öz üstünlüyünü hər zaman qabardaraq başqa dövlətlərin maraqlarını görməzdən gəlir, onların inkişafıəna mane olmağa çalışır, müstəqil siyasət yürüdən ölkələrin daxili işlərinə qarışmağa cəhdlər edir. Bütün bunlar da təbii ki, həmin ölkələrin iqtisadi və mədəni müstəqilliklərinə öz mənfi təsirini göstərir. ABŞ başqa ölkələrin xalqları arasında öz siyasi kursuna dəstək kütlələri yaratmağa çalışır. Yəni müxtəlif ölkələrdə beşinci kolonlar vasitəsilə özünə uyğun rejimləri formalaşdıraraq geosiyasi ambisiyalarına geniş dəstək qazandırmaq istəyir. Bu gün neonasizmə qarşı mübarizə bütün müstəqil dövlətlərin və xalqların maraqlarına cavab verir", - deyə millət vəkili fikirlərini tamamlayıb.