BAKI, 21 dekabr — Sputnik. Rusiyanın Novqorod vilayətində ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirə lövhəsi ucaldılıb.
Novqorod vilayətinin Starorusski rayonunun Naqovski qəsəbəsində Sovet İttifaqı Qəhrəmanı İsrafil Məhərrəm oğlu Məmmədovun şərəfinə ucaldılmış xatirə lövhəsinin açılışı olub.
Azərbaycanlı qəhrəmanın xatirə lövhəsi "Novqorod torpağı" ictimai təşkilatının təşəbbüsü ilə qoyulub. Təşkilatın vətəndaş birliyinin və millətlərarası münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş "Xatırlayaq, unutmaq olmaz: SSRİ xalqları nasist işğalçılarına qarşı mübarizədə" adlı həyata keçirdiyi layihə çərçivəsində Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şərəfinə xatirə lövhəsi vurulub.
Açılış mərasimində çıxış edən iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanov adına "Veteranlar təşkilatı-Böyük Qələbənin varisləri" İctimai Birliyinin sədri Əli Kazımov çoxmillətli Rusiyada qəhrəmanlarının xatirəsini yaşatdıqlarına görə tədbirin təşkilatçılarına və əlamətdar hadisənin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, İsrafil Məmmədov bu torpaqlar uğrunda şücaətlə vuruşan ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş döyüşçü olub.
Tədbirdə çıxış edən Novqorod vilayətinin sakinləri milliyyətindən və dinindən asılı olmayaraq çiyin-çiyinə faşizmi məğlub edən keçmiş sovet xalqının bütün müdafiəçilərinin xatirəsinin əbədi olaraq yaddaşlarda qalacağını bildiriblər. Vurğulanıb ki, bu müdafiəçilərdən biri də Starorusski rayonu ərazisində qəhrəmanlıq göstərmiş İsrafil Məmmədov olub. Ona görə də, İ. Məmmədovun göstərdiyi şücaət və qəhrəmanlıq hər zaman Novqorod vilayətinin sakinləri tərəfindən xatırlanacaq və gələcək nəsillərə ötürüləcək.