BAKI, 21 dekabr — Sputnik. BMT Baş Assambleyası nasizmin tərənnümünə qarşı mübarizə ilə bağlı Rusiyanın təklif etdiyi qətnaməni qəbul edib. Qətnamənin lehinə 118 ölkə səs verib, 49 ölkə əleyhinə, 14 ölkə bitərəf qalıb. ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Ukrayna, Kanada, Gürcüstan, Polşa, İsveç və başqaları qətnaməyə qarşı çıxıblar.
Nasizmin tərənnümü ilə mübarizəyə dair qətnamə layihəsi Rusiya tərəfindən Belarus və Suriya ilə həmmüəlliflikdə hazırlanıb. Rusiya Federasiyası hər il BMT Baş Assambleyasında səsverməyə analoji sənəd təqdim edir.
Maraqlıdır ki, son dövrlər dünyada nasizm meyllərinin artması müşahidə olunur. Mədəni transformasiyaların baş vermədiyi cəmiyyətlərdə nasizm meylləri xüsusilə qabarıq şəkildə özünü göstərir. Bu gün əsasən Qərb ölkələrində islamafobiya, rusofobiya meylləri özünü büruzə göstərir.
Mütəxəssislər qeyd edir ki, ərəb baharından sonra ölkələrini tərk etməyə məcbur olmuş müsəlman miqrantların Qərb dəyərləri ilə ayaqlaşa bilməməsi bu gün islamafobiya meyllərinin artmasına gətirib çıxarır. Xüsusən də bir sıra ölkələrdə İslam dinini qəbul edənlərin sayının artması Qərb ölkələrinin İslama yanaşmasında "korrektə"lər etməyə vadar edib.
Rusiya-Ukrayna müharibəsi ilə özünü daha qabarıq şəkildə göstərməyə başlamış rusofobiya siyasəti isə bu gün nasizmin dünyadakı ən populyar örnəklərindən biri hesab edilir.
Bəs nasizm meylləri dünyaya nə vəd edir?
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov Sputnik Azərbaycan-a danışıb.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, ümumiyyətlə son vaxtlar dünya nizamının dəyişməsi səbəbindən bir sıra proseslər gedir: "Bu proseslər arasında xüsusilə nasizmin artması diqqət çəkir. Son vaxtlar dünyanın bir çox ölkələrində nasizm güclənir. Sivil dünyada nasizm meyllərinin artması qəbuledilməzdir. Azərbaycan xalqı uzun illər erməni nasizmi ilə üzləşib. Bu nasizmin xalqımızın başına gətirdiyi fəlakətlər qan yaddaşımıza həkk olunub".
Ceyhun Məmmədov
© Photo : Azerbaijan Institute of Theology
Deputat hesab edir ki, nasizm meyllərinin artması siyasi idarəetmələrlə bağlıdır: "Nasizmin artmasında hansısa milləti, xalqı günahkar saymaq olmaz. Nasizm tendensiyasına şərait yaradan siyasi hakimiyyətlərdir. Bu gün dünyada artan nasizmin gələcəkdə daha böyük fəsadlarını görə bilərik".
Millət vəkili dünyada artan rusofobiya meylləri barədə də danışıb: "Mən bu gün dünyada olan rusofobiya meyllərini həmin ölkələrin dövlət siyasəti ilə əlaqələndirərdim. Dövlət siyasətinin hansısa xalqa qarşı düşmənçilik meyllərini gücləndirməsi, təhrik etməsi qəbul edilməzdir. Dövlətlər arasında problemlərin həlli üçün sivil yollar, platformalar var və onun millətlər arasında təfriqə salmaqla həllinə nail olmaq mümkünsüzdür".