HƏRBİ

Azərbaycan və Türkiyə birgə hərbi istehsal müəssisələrinin yaradılmasını davam etdirəcək

Müdafiə sənayesi naziri deyib ki, birgə istehsal sahələrinin yaradılması üçün müvafiq hüquqi və qanunverici bazanın formalaşdırılması qarşıdakı fəaliyyətin mühüm bir hissəsi olacaq.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Azərbaycan yeni birgə hərbi istehsal müəssisələrinin yaradılmasını davam etdirəcək.
Bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş panel müzakirələrində bildirib.
"Özəl sektorun bu sahədə iştirakının dəstəklənməsi, onunla dövlət sektoru arasında tərəfdaşlıqların qurulması, sərmayələrin cəlb edilməsi, birgə müəssisələrin və birgə istehsal sahələrinin yaradılması üçün müvafiq hüquqi və qanunverici bazanın formalaşdırılması qarşıdakı fəaliyyətimizin mühüm bir hissəsi olacaq" - nazir əlavə edib.