AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev Türkiyənin vitse-prezidentini qəbul edib

Türkiyə vitse-prezidentnin Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.
Cevdet Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti hər fürsətdə və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə Türkiyə Prezidenti ilə görüşdüyünü və müzakirələri davam etdirdiyini vurğuladı.
Cevdet Yılmaz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırdı və Ulu Öndər Heydər Əliyevin əsl liderlik nümayiş etdirərək Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd etdi.
Türkiyənin vitse-prezidenti tarixi Qələbə və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə bir daha təbriklərini çatdırdı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığı vurğuladı. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidənqurma işlərinə mane olduğu bildirildi.
Vitse-prezident Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü bildirdi, Kahramanmaraşda həyata keçirilən bərpa və tikinti işlərini xüsusilə qeyd etdi. Cevdet Yılmaz dünyanın yaşıl və rəqəmsal transformasiya dövründə olduğunu nəzərə alaraq, Azərbaycanla Türkiyənin bu sahədə də birgə çalışmasının və əməkdaşlığının vacibliyini vurğuladı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin Preferensial Ticarət Sazişinin imzalanmasından sonra daha da artmasından məmnunluq ifadə olundu. Həmçinin gələn il Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın iclasının keçirilməsi, eləcə də ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edildi.
Söhbət zamanı beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, təşkilatın daha da gücləndirilməsi, digər qardaş türk ölkələri ilə işbirliyinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıldı.
***
Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazı qəbul edib.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana ötən gün səfər edib. O bildirib ki, Azərbaycanla Türkiyə arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclası gələn il Ankarada keçiriləcək.
Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Ankarada iş dünyası bir araya gələcək:
"Azərbaycanın Baş naziri Əli Əsədovla Ankarada iş dünyamızı bir araya gətirəcəyik. Dəqiq tarix bəlli deyil, lakin fevral ayının ikinci yarısında baş tuta bilər. İki ölkənin ticarət və iqtisadi münasibətləri üçün yeni bir yol xəritəsi hazırlayacağıq".
19.12.23, 12:36
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
C.Yılmazın səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.
Qeyd edək ki, ötən həftə Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.
Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.