BAKI, 20 dekabr — Sputnik. Rusiyanı tərk edən Qərb şirkətləri 103 milyard dollardan çox pul vəsaiti itiriblər. Həm də bu pul Rusiya Federasiyasında qalıb.
Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında bildirib.
Deputat Avropa İttifaqının 12-ci anti-Rusiya sanksiyalar paketini təsdiqləməsinə münasibət bildirib və qeyd edib ki, bundan sonra Rusiyaya qarşı 10 il ərzində tətbiq edilən məhdudiyyətlərin sayı 18 772 olub.
"Avropa ölkələri ABŞ-ın diktəsi ilə hərəkət edir və ilk növbədə öz vətəndaşlarına zərər verirlər. Avrozona iqtisadiyyatının altı ay ərzində daralacağı proqnozlaşdırılır. Bu, COVID-19 pandemiyasından bəri ilk tənəzzül deməkdir", - deyə Volodin vurğulayıb.
O, Amerika KİV-lərindən birinə istinadən yazıb: "Vaşinqton Qərb şirkətlərinin getməsinin Rusiya iqtisadiyyatını boğmağa kömək edəcəyinə ümid bəsləyirdi. Ancaq Rusiya rəhbərliyinin başqa planları var idi və xarici şirkətlərin boykotunu dövlət üçün uğura çevirdi".
Volodin, bu ilin sonuna Rusiyanın ÜDM-i 3,5% artdığını əlavə edib.
Daha əvvəl xəbər verildiyi kimi, Avropa İttifaqı bir gün əvvəl, dekabrın 18-də Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Xüsusilə, Rusiyadan qeyri-sənaye almazları, alüminium məmulatları və mayeləşdirilmiş propanın idxalına məhdudiyyətlər tətbiq edilib. İlk dəfə olaraq məhdudiyyətlər siyahısına rusların dondurulmuş aktivlərinin müsadirəsi də daxil edilib.