SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məzahir Pənahov: 7 fevralda keçiriləcək seçki yüz illiklərə, tarixə düşəcək

MSK sədri bildirib ki, Azərbaycanın bütün ərazisində səsvermə keçiriləcək
Sputnik
BAKI, 20 dekabr — Sputnik. "7 fevralda keçiriləcək seçki yeganə seçkidir ki, yüz illiklərə, tarixə düşəcək".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi müşavirədə MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, Azərbaycanın bütün ərazisində səsvermə keçiriləcək: "Çünki Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz torpaqları işğaldan azad etdi. Bizim cəmiyyət artıq tamam ayrı cəmiyyətdir, biz hər birimiz dəyişmişik".
O qeyd edib ki, milyonlarla insanın iştirak etdiyi seçki ideal ola bilməz: "Amma biz səsvermənin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün çalışırıq. Bütün dünyada seçki proseslərində mübahisəli hallar yaşanır".
"Prezident seçkiləri istənilən ölkənin tarixində əlamətdar hadisədir", - deyə o əlavə edib.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.
2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.