BAKI, 20 dekabr — Sputnik. Seçkini boykot etmək çox böyük siyasi mədəniyyətsizlikdir.
Bunu Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi müşavirədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib.
Əli Hüseynli deyib ki, Seçki Məcəlləsi siyasi partiyaların, partiya bloklarının da bu seçkilərdə aktiv iştirakını özündə ehtiva edir: "Yeni qanunu qəbulu zamanı bəzi siyasi partiyalar 5 min nəfər üzv məsələsi ilə bağlı mübahisə edirdilər, düşünürdülər ki, bu, onları qeydiyyatına mane olacaq. Amma indi o siyasi partiyalar seçkiləri boykot edirlər. Bu, çox təəssüfedici haldır. Qeydiyyata nail olub, indi seçkini boykot etmək çox böyük siyasi mədəniyyətsizlikdir".
MSK sədri Məzahir Pənahov bütün siyasi partiyalara bir daha müraciət edib: "Onların seçkilərdə iştirak etməsindən məmnunluq duyarıq. Hələ gec deyil, hələ də seçkilərdə iştirak edə bilərlər. Biz bütün siyasi partiyalara bərabər şərait yaratmağa cavabdeh orqanıq və bu təmin ediləcək".
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Konstitusiyasına əsasən 2018-ci ildə Azərbaycan ərazisində növbəti Prezident seçkiləri baş tutmalı idi. Prezident seçkiləri Qanuna əsasən oktyabrın ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi.
Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. Azərbaycan tarixində birinci dəfə növbədənkənar Prezident seçkiləri təyin edildi.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Konstitusiyaya görə, növbəti prezident seçkilər 2025-ci ildə keçirilməli idi.
Konstitusiyasının 101.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.