BAKI, 20 dekabr — Sputnik. BMT Baş Assambleyası nasizmin tərənnümünə qarşı mübarizə ilə bağlı Rusiyanın təklif etdiyi qətnaməni qəbul edib. Bu barədə RİA Novosti məlumat yayıb.
Sənəd dövlətləri qanunvericilik də daxil olmaqla, bütün müvafiq vasitələrlə irqi ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmağa çağırır.
Qətnamənin lehinə 118 ölkə səs verib, 49 ölkə əleyhinə, 14 ölkə bitərəf qalıb.
Sənədə səs verənlər arasında Rusiya, Çin və İsrail də var.
ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Ukrayna, Kanada, Gürcüstan, Polşa, İsveç və başqaları qətnaməyə qarşı çıxıblar.
Nasizmin tərənnümü ilə mübarizəyə dair qətnamə layihəsi Rusiya tərəfindən Belarus və Suriya ilə həmmüəlliflikdə hazırlanıb, Rusiya Federasiyası hər il BMT Baş Assambleyasında səsverməyə analoji sənəd təqdim edir.
Sənəd nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələrin qəti şəkildə pislənməsi, tarixi həqiqətlərin qorunması səylərinin alqışlanması, bəşəriyyətə qarşı cinayətlərin inkarının qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı tövsiyələr, İkinci dünya müharibəsinin faciənvi tarixinə və nəticələrinə yenidən baxılması haqqında müddəalardan ibarətdir. Bundan əlavə, qətnamə Holokostu inkar etmək cəhdini və ya hər hansı inkarı, habelə etnik mənşəyə və ya dini inanca görə fərdlərə və ya icmalara qarşı dini dözümsüzlük, təhrik, təqib və ya zorakılığın bütün təzahürlərini "birmənalı şəkildə pisləyir".