BAKI, 20 dekabr — Sputnik. Prezidentin fərmanı ilə 3 yeni hərbi kollecin yaradılması onu deməyə əsas verir ki, biz tədricən müqavilə əsaslı ordu quruculuğuna keçməliyik. Bunu Milli Məclisin parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Bəs Azərbaycan müqavilə əsaslı orduya keçidi oğrudurmu?
Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a danışıb.
Hərbi ekspert Üzeyir Cəfərov
© Photo : Elchin Murad / Teleqraf
Hərbi ekspert bildirib ki, Qarabağ məsələsi həll olunduğu üçün Azərbaycanın hərbi qanunvericiliyində çox ciddi dəyişiklər edilməlidir:
"Azərbaycanda alternativ xidmət haqqında qanun qəbul etməliyik. Bu Azərbaycanın Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəlikdir, ancaq bu günə qədər yerinə yetirilməyib. Bu gün Azərbaycan çox rahat şəkildə müqaviləli orduya keçə bilər. Hesab edirəm ki, hərbi qanunvericiliyin təkmilləşdirilməsi, çağırış yaşının 35-dən aşağı salınması, tək oğullar və digər məsələlər qanunda öz əksini tapmalıdır. Peşəkar orduya keçid kimsəni qorxutmamalıdır. Qanunvericiliyi elə bir şəklə gətirmək lazımdır ki, çağırış yaşına gələn gənc hərbi sahəni seçmirsə, o müəyyən bir hazırlıq keçməlidir, bir neçə aylıq hərbi hazırlığı olmalıdır. Bunlar hamısı mütləq şəkildə həyata keçirilməlidir. Biz nə vaxtsa buna gələcəyik, ancaq mən bunun gecikdirilməsinin də tərəfdarı deyiləm".
Üzeyir Cəfərov müqavilə əsaslı peşəkar orduya keçidə qarşı çıxanların yanaşmasını doğru hesab etmir:
"Bizdə hərbi hissələr çoxdur, onların o cür saxlanmasına ehtiyac yoxdur. Yəni, 3 hərbi hissəni birləşdirib iki hərbi hissə etmək olar. Bununla həm də büdcəyə yük düşməz. Peşəkar orduya mülkidən çağırılacaq insanlar da hazırlıq keçməlidirlər və müvafiq dövlət qurumları bu işlə məşğul olmalıdırlar. Hərbi sahə spesifik sahədir və hərbidən anlayışı olmayanların bu sahəyə üz tutmağı orduya heç nə qazandırmır. Bu sahə eksperiment yeri deyil. İşsizliyə görə hərbiyə üz tutmaq düzgün yanaşma deyil. Bir çox şəxslər mövcud təhlükəsizlik şəraitinə, yaxşı maaşa, imtiyazlara görə orduya üz tuturlar. Bu belə olmamalıdır. Sabah bunun fəsadları ilə üzləşə bilərik".