BAKI, 19 dekabr — Sputnik. Milli Məclisin iclasında "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişikliyə baxılıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Prezident tərəfindən təqdim olunmuş qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb:
"Təklif edilən dəyişiklikdə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş, zabit vəzifəsinə təyin edilmiş tam orta təhsilli (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra kiçik leytenant hərbi rütbəsinin verilməsi imkanı yaradılır".
Ziyafət Əsgərov, arxiv
© Photo : APA
Qeyd edək ki, qüvvədə olan Əsasnaməyə görə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş orta ixtisas və ya natamam ali təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra "Kiçik leytenant" hərbi rütbəsi verilib.
Dəyişikliyə əsasən, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş tam orta (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) təhsilli gizir və miçmanlara da hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra "Kiçik leytenant" hərbi rütbəsi veriləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.