CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orta məktəblərdə din dərsləri keçiriləcək? Rəsmi açıqlama

Mübariz Qurbanlı deyib ki, bununla bağlı ayrıca fənnin tədris olunmasına ehtiyac yoxdur.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. "Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz. Bu Konstitusiyamıza ziddir. Çünki Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır, eyni zamanda, təhsil dünyəvi xarakter daşıyır". Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı, arxiv
Onun sözlərinə görə, orta məktəblərdə yalnız dinlər haqqında biliklər verilə bilər:

"Burada da biz yalnız İslamla bağlı bilikləri nəzərdə tutmuruq. Hesab edirik ki, İslam, yəhudilik, xristianlıq, ümumiyyətlə, dünyadakı bütün dinlərlə bağlı gənclərə, böyüməkdə olan nəslə dünyagörüşü istiqamətində informasiya verilməsi olduqca önəmlidir".

Komitə sədri həmçinin bildirib ki, əgər gənclərə bu informasiya dövlət qurumları tərəfindən verilsə, onlar müstəqil həyata qədəm qoyduqdan sonra radikal, xurafatçı dini qrupların təsiri altına düşməzlər.

"Eyni zamanda, onu da deyim ki, bununla bağlı ayrıca fənnin tədris olunmasına ehtiyac da yoxdur. Bu biliklər tarix, coğrafiya, ədəbiyyat, həyat bilgisi kimi humanitar fənlərin içərisində yer alır", - deyə qurum rəhbəri bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.