SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Heç bir siyasi qüvvənin İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur - Deputat

Millət vəkili bildirib ki, Avropa Parlamentinin bir qrup korrupsioner deputatı da başda olmaqla bəzi dairələr beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə saxta bəhanələr altında seçki öncəsi bəyanatlar verməyə başlayıblar.
Sputnik
BAKI, 19 dekabr-Sputnik. "Elan edilmiş növbədənkənar prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Azərbaycan xalqı hərbi-siyasi qələbələrimizdən doğan yeni reallığa, yalnız İlham Əliyevlə adlamağı arzulayır və bu mənada Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini müəyyən etməklə ilk növbədə xalqın tələbini, cəmiyyətin təkidli sifarişini yerinə yetirmiş oldu:

"Heç bir siyasi qüvvənin İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur, amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Antimilli ünsürlərin isə bu dəfə də prosesdən kənarda qalması əslində xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir. Boykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir və yeganə məqsəd də budur ki, siyasi sabitliyi pozaraq ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar. Amma hər kəs başa düşməlidir ki, İlham Əliyevin qurduğu nizamı bu gün, yaxud da gələcəkdə heç bir xarici və daxili ünsür zədələyə bilməz".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov
Onun sözlərinə görə, "ənənəvi destruktiv Qərb strukturları bu reallığın fərqindədir və Avropa Parlamentinin bir qrup korrupsioner deputatı da başda olmaqla, bəzi dairələr beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə saxta bəhanələr altında seçki öncəsi bəyanatlar verməyə başlayıblar.
"Amma möhtərəm Prezidentin ifadə etdiyi kimi, 200-dən çox ölkə var, 20-30 ölkə özünü necə beynəlxalq ictimaiyyət saya bilər? Beynəlxalq ictimaiyyətin Azərbaycana real baxışının göstəricisi 3-5 korrupsioner deputatın, yaxud çürümüş neoimperialistlərin bəyanatları yox, 200-ə yaxın ölkənin yekdil rəyi ilə dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ev sahibliyini Azərbaycana həvalə etməsidir. Bu, İlham Əliyevin də ifadə etdiyi kimi, bizə olan ehtiramın ifadəsidir və bu ehtirama möhtərəm Prezidentin qətiyyəti ilə nail olmuşuq”, - deyə deputat əlavə edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alınıb. 2023-cü il dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin geniş iclasında Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.