CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür - Deputat

S.Novruzov parlamentin bugünkü plenar iclasında çıxışında deyib ki, Azərbaycanda yol-nəqliyyat hadisələrindən sonra ikinci yerdə qadınların öldürülməsi xəbərləri gəlir.
Sputnik
BAKI, 19 dekabr - Sputnik. Deputat Siyavuş Novruzov mətbuatda qadın ölümü ilə bağlı xəbər çoxluğuna görə narahatdır. S.Novruzov parlamentin bugünkü plenar iclasında çıxışında deyib ki, Azərbaycanda yol-nəqliyyat hadisələrindən sonra ikinci yerdə qadınların öldürülməsi xəbərləri gəlir.

“Hər gün mətbuatda şahidi oluruq ki, kişi həyat yoldaşını öldürdü, qaynata gəlinini güllələdi, qardaş bacısını baltalıdı və s. Elə gün olur ki, Azərbaycanda 7 qadın öldürülür, elə gün də olur ki, 2 qadın qətlə yetirilir. Orta hesabla bir ildə 1000-dən artıq qadın bu və ya digər məsələnin qurbanına çevrilir”, - deputat vurğulayıb.

Deputat qeyd edib ki, burada “TikTok”un, yeni texnologiyaların rolu var, bu məsələ araşdırılmalıdır:
"Bu cinayətlər istənilən yerdə - küçədə, konsert salonlarında baş verir. Əvvəllər bu hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də belədir. Rusiyaya çıxıb gedir, gəlib birinci həyat yoldaşını öldürür. İkincisi, gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür. Televiziyalarda bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Göstərirlər, bilməyənlərə də öyrədirlər”.
“Bəzən hadisənin daha dəhşətli görünməsinə səbəb onun çox müzakirə olunmasıdır"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə deyib ki, 2022-ci ildə cəmi 51 nəfər məişət zorakılığı ilə bağlı hadisələr nəticəsində ölüb:

“Bəzən hadisənin daha dəhşətli görünməsinə səbəb onun çox müzakirə olunmasıdır. Ona görə də bizə elə gəlir ki, gündə 7 qadın məişət zorakılığından ölür. Amma elə deyil. Biz zorakılıq törədən kişiləri reabilitasiyaya cəlb etməliyik, onlarla psixoloji olaraq işləməliyik. Bunun üçün belə mərkəzlər yaradılmalıdır. Amma bu vaxt alan prosesdir, biz bunu etməliyik”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.