BAKI, 19 dekabr-Sputnik. "Erkən nikahların dinamikasında nisbi artım var". Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı” təqdim edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, keçən il 269 erkən evliliyin qarşısı alınıb. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı təhlil hazırlanıb. Bunun nəticəsi də onu deməyə əsas verir ki, biz 18 yaşdan aşağı ailə qurmağa icazə ilə bağlı istisna halı aradan qaldırmağa dəstək verməliyik.
Bahar Muradova qeyd edib ki, hesabata əsasən, ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfər olub. Bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər çoxdur:
"Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb".
Ailə Məcəlləsi nə deyir?
Maddə 10. Nikahın yaşı
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.