BAKI, 19 dekabr - Sputnik. Milli Məclisin iclasında “Dövlət ehtiyatları haqqında” qanun layihəsinə baxılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olduğunu söyləyib.
Komitə sədri dövlət ehtiyatlarının formalaşması və onların idarə edilməsinin vacibliyini qeyd edərək, ölkə Prezidentinin 2021-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradıldığını bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili, arxiv
O, Agentliyin dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən orqan olduğunu deyib. Strateji əhəmiyyət kəsb edən bu sahənin tənzimlənməsində hüquqi bazanın kifayət qədər inkişaf etdirilmədiyini və bunu nəzərə alaraq yeni qanunun hazırlandığını söyləyib.
Diqqətə çatdırılıb ki, qanun layihəsi 4 fəsil, 14 maddədən ibarətdir. Layihə dövlət ehtiyatlarının təyinatını, hüquqi statusunu, sistemini, dövlət ehtiyatında olan malların tədarükünü, yerləşdirilməsini, saxlanılmasını və buraxılmasını, habelə nəzarət və hesabatlılıq mexanizmlərini özündə ehtiva edir.
Bildirilib ki, sənəddə dövlət ehtiyatları strateji, fövqəladə və səfərbərlik ehtiyatları şəklində müəyyən edilib, onların hər birinin formalaşdırılması və idarə edilməsi mexanizmləri təsbit edilib. İlk dəfə olaraq, dövlət ehtiyatlarının formalaşdırılmasında və idarə edilməsində dövlət-özəl sektor əməkdaşlığı öz əksini tapıb.
Komitə sədri qeyd edib ki, qanun layihəsində strateji əhəmiyyətli mallar və dövlət ehtiyatlarının nomenklaturası, dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri, dövlət qurumlarının dövlət ehtiyatları ilə bağlı fəaliyyəti barədə müddəalar yer alıb.
Diqqətə çatdırılıb ki, layihədə, habelə dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi, dövlət ehtiyatları üçün malların tədarükü, dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması, dövlət ehtiyatlarına aid olan malların buraxılması və onların uçotu, bu sahədə hesabatlılıq və nəzarət məsələləri müəyyən edilir.
Qeyd olunub ki, layihənin hazırlanmasında əsas məqsəd ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin qurulması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, daxili bazarın qısa müddətli mənfi təsirlərə davamlılığının artırılması, habelə dövlət ehtiyatlarının yaradılması, saxlanılması və idarə edilməsi sahəsində hüquqi, iqtisadi əsasları müəyyən etməkdir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Dövlət ehtiyatları – özündə strateji, fövqəladə və səfərbərlik ehtiyatlarını ehtiva edən maddi sərvətlərin xüsusi fondudur.
Strateji ehtiyatlar – əhalinin gündəlik istehlak etdiyi həyati əhəmiyyətli malların təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət artmasının qarşısını almaq məqsədilə yaradılan ehtiyatlardır.
Səfərbərlik ehtiyatları – müdafiə və səfərbərlik ehtiyaclarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının səfərbərlik hazırlığı çərçivəsində yaradılan ehtiyatlardır.
Fövqəladə ehtiyatlar – fövqəladə hadisələrin qarşısını almaq, onların təsirini aradan qaldırmaq və strateji əhəmiyyətli obyektlərin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri çərçivəsində yaradılan ehtiyatlardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.