BAKI, 19 dekabr — Sputnik. Avropa Komissiyası məzmunun silinməsi və dezinformasiya ilə mübarizə standartlarını pozmaqda ittiham olunan X* (keçmiş Twitter) sosial şəbəkəsi ilə bağlı rəsmi araşdırmaya başlandığını elan edib.
Bu barədə bazar ertəsi X sosial şəbəkəsində Avropanın daxili bazar üzrə komissarı Tyerry Breton yazıb.
"Bu gün biz pozuntuların aradan qaldırılması üçün X əleyhinə rəsmi prosedurlara başlamışıq. Şübhələr: qanunsuz məzmunun və dezinformasiyanın silinməsi üzrə öhdəliklərin, şəffaflıq öhdəliklərinin pozulması, istifadəçiləri yanıldan istifadəçi interfeysinin hazırlanması" - Bretonun bəyanatında deyilir.
Xüsusilə sosial şəbəkələrin və ani messencerlərin məzmununu tənzimləyən Avropa Rəqəmsal Xidmətlər Aktının standartlarına əsasən, X sosial şəbəkəsinin cəriməsi şirkətin ümumi mənfəətinin 6%-nə çata bilər. Əgər X Avropa Komissiyasının tələblərini yerinə yetirməkdən imtina edərsə, o zaman sosial şəbəkə Aİ ölkələrində bloklana bilər.
Bundan əvvəl məlum olub ki, X sosial şəbəkəsinin sahibi, amerikalı milyarder İlon Mask onu avropalı istifadəçilər üçün bloklamaq imkanını nəzərdən keçirir.