PAYTAXT XƏBƏRLƏRİ

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Prezident İlham Əliyev Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən 22 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi isə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 450 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.