DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Netanyahunun taktikası Fələstinlə münaqişəni 50 il davam etdirəcək

İngiltərənin sabiq müdafiə naziri qeyd edib ki, Netanyahunun strategiyası İsraili zəiflədir.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahunun taktikası Fələstin-İsrail münaqişəsini daha 50 il qızışdıracaq.
Bu barədə RİA Novosti Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesin "The Telegraph" qəzeti üçün yazdığı məqaləsinə istinadən xəbər verib.
Uolles qeyd edib ki, Netanyahunun səhvi HƏMAS silahlı qruplaşmasının İsrailə hücumunun baş verəcəyini vaxtında bilməməsi olub.
Onun fikrincə, İsrail baş nazirinin metodları HƏMAS-la problemi həll etməyəcək.
"Üstəlik, hesab edirəm ki, onun taktikası münaqişəni daha 50 il qızışdıracaq" - deyə o, bildirib və qeyd edib ki, Netanyahunun strategiyası İsraili zəiflədir.
Dekabrın 17-də Netanyahu İsraillə Fələstin Milli Administrasiyası arasında Fələstinin özünüidarəetməsinin yaradılması ilə bağlı razılaşmaların "ölümcül səhv" olduğunu söyləyib.
Xatırladaq ki, oktyabrın 7-də "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində Qəzza zolağından İsrail ərazisinə minlərlə HƏMAS qruplaşmasının daxil olması və 200-dən çox insanı girov götürməsi Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olub. Buna cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu, İsrail əməliyyatının "Dəmir Qılınclar" adlandırıldığını açıqlayıb.
Əməliyyatın ilk günündən etibarən İsrail hərbçiləri Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib, anklavın su, ərzaq, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb. Qəzzaya humanitar yardımların çatdırılması yalnız oktyabrın 20-dən sonra Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən həyata keçirilməyə başlayıb.
Oktyabrın 27-də İsrail Qəzzada quru əməliyyatının "genişləndirdiyini" elan edib. Əməliyyat ərəfəsində yüz minlərlə fələstinli evlərini tərk edərək sığınacaqlara və anklavın cənubuna köçüb. Qəzzanın mərkəzində döyüşlər hələ də davam edir.